Accessibility links

İranlı jurnalistlər: Həsən Ruhaninin dövründə onlarla jurnalist həbs edilib


Həsən Ruhani
Həsən Ruhani

İranda və xaricdə yaşayan 135 jurnalist İran prezidenti Həsən Ruhaniyə birgə məktub yazıb. Məktubda Həsən Ruhaninin ölkədəki jurnalistlərlə bağlı son bəyanatına etiraz bildirilib.

BMT Baş Məclisinin iclasına qatılmaq üçün ötən həftə Nyu-Yorka səfər edən Ruhani ABŞ-ın CNN telekanalına müsahibəsində ölkə zindanlarında məhbus jurnalistlərin olduğunu təkzib edib.

Ruhani ölkədə jurnalistlərin təzyiqə məruz qoyulduğu, həbsə salındığı haqda sualın cavabında deyib ki, İran həbsxanalarında jurnalist yoxdur: “İranda kimsənin jurnalist fəaliyyətinə görə həbsdə saxlandığını güman etmirəm”.

“Media forum” saytının məlumatına görə, 135 jurnalistin birgə məktubunda deyilir ki, Həsən Ruhani prezident seçkisindən əvvəl verdiyi vədlərin heç birini yerinə yetirməyib, təkcə son bir ildə onlarla jurnalist həbsə salınıb: “Hazırda isə biz sizin CNN telekanalına müsahibənizdə İran zindanlarında məhbus jurnalistlərin olduğunu inkar etdiyinizi görürük. Sizin telekanala dediyiniz həqiqəti təhrif və inkar etməkdən başqa bir şey deyil. Baxmayaraq ki, vaxtilə siz özünüz ölkədə həqiqətin təhrif və inkar edilməsini tənqid edənlərdən biri idiniz.

Siz ölkə konstitusiyasının icrasına məsul olan bir şəxs kimi əvvəl verdiyiniz vədlərə əməl edərək jurnalistlərin durumunu yaxşılaşdırmağa çalışın və həqiqəti inkar etməkdən çəkinin. Nəzərə alın ki, hazırda ölkə zindanlarında saxlanan jurnalistlərin əksəri sizin hökumətiniz zamanında həbs edilib”.

Məktubu imzalayanlar arasında məşhur jurnalistlər Siyamək Qadiri, Nuşabə Əmiri, Ehsan Mehrabi, Hənif Məzrui, Əli Məzrui, Tuka Neyistani, Mana Neyistani, İsa Səhərxiz, Maziyar Bəhari və Şirzad Abdullahinin də adları var.

XS
SM
MD
LG