Hizbullah-ın rəhbəri Həsən Nəsrullah çərşənbə axşamı deyib ki, keçən həftə qrupun hərbi komandirinin Beyrutda İsrailin hava hücumu zamanı və HƏMAS liderinin Tehranda öldürülmələrindən sonra militant qrup və İran "nəticəsindəm asılı olmayaraq cavab verməlidir".
Livanda Fuad Şükür və İranda İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə gərginliyi kəskin şəkildə artırıb.
Yəhudi dövləti və Hizbullah fələstinli militant qruplaşması HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsrailə hücumundan sonra Livan sərhədi boyunca hər gün birinə qarşı hücumlar həyata keçirir.
Televiziya ilə çıxışında Nəsrullah deyib ki, İran "cavab vermək üçün özünü borclu hesab edir və düşmən bunu böyük bir qorxu içində gözləyir". Nəsrullah öz qrupunun da "cavab verməyə" borclu olduğunu deyib.
Şükürün öldürülməsindən bir həftə keçdikdən sonra Nəsrullah müraciətində "bizim cavabımız gəlir" və bu, "güclü və effektiv" olacaq deyib.
O, "İsrailin bir həftə gözləməsi cəzanın, cavabın, döyüşün bir hissəsidir. Eskalasiyanı seçən və İrana hücum edən İsraildir" deyə, bildirib.
İsrail açıq şəkildə Şükürün öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürsə də, Haniyənin öldürülməsində əli olmadığını deyib.
Ağ Evin bildirdiyinə görə, prezident Co Bayden çərşənbə axşamı Qəzzada İsrail və HƏMAS arasında atəşkəs əldə etmək səylərini yeniləmək məqsədi ilə həm Misir prezidenti Əbdülfəttah Əl-Sissi, həm də Qətər əmiri Şeyx Təmim Bin Həməd Əl-Tani ilə danışıb. Vaşinqton bildirib ki, liderlər "prosesi mümkün qədər tez başa çatdırmaqla bağlı razılığa gəlib".
Döyüş cəbhəsində isə HƏMAS oktyabr hücumunun təşkilatçılarından biri olan Yəhya Sinvarı yeni lider seçdiyini bildirib. İsrail 10 ay əvvəlki hücumun təşkilinə yardım edən HƏMAS-ın digər mühüm rəsmisi Məhəmməd Deyifin iyulun ortalarında Qəzzada öldürüldüyünü keçən həftə bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniyel Haqari cavab olaraq, "Yəhya Sinvar, 7 oktyabr - tarixin ən cinayətkar terror aktına görə məsuliyyət daşıyan terrorçudur. Yəhya Sinvar üçün yalnız bir yer var - Məhəmməd Deyif və oktyabrın 7-nə cavabdeh olan bütün terrorçuların olduqları yer. Onun üçün hazırladığımız və təyin etdiyimiz yeganə yer budur."
Livan səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrail qüvvələri çərşənbə axşamı Livanın cənubunda 4 nəfərin ölümünə səbəb olan hava hücumları həyata keçirib.
ABŞ Müdafiə naziri Lloyd Austin və İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi vəziyyəti müzakirə edib. Pentaqonun bəyanatında Austinin İran və onun tərəfdarlarının təhdidləri qarşısında "ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini" təkrarladığı deyilib.
İsrail oktyabrın 7-də 1200 nəfərin ölümü və 250 girov götürülməsi ilə nəticələnən terror hücumuna cavab olaraq HƏMAS-ı məhv edəcəyinə söz verib. İsrailin əks-hücumları zamanı əksəriyyəti qadın və uşaqlar olmaqla, Qəzzada azı 39,650 nəfər öldüyü bildirilir. İsrail isə deyir ki, ölənlər arasında minlərlə HƏMAS döyüşçüsü var.
Forum