Accessibility links

Hillari Klinton: Putinin məqsədi Rusiyanın ətraf bölgələrinin yenidən "sovetləşdirilməsi"dir


Hillari Klinton
Hillari Klinton

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putinlə Adolf Hitler arasında analogiya aparıb, lakin onları birbaşa müqayisə etmək niyyətində olmadığını deyib.

Hillari Klinton bildirib ki, Vladimir Putinin Ukraynaya münasibətdə təcavüzkar mövqe göstərməsi Rusiyanın potensialının tükənməsinə səbəb olur. Hillari Klintonun bildirdiyinə görə Putin Rusiyanın qüdrətini bərpa etmək missiyasına inanır. Xanım Klinton açıqlamalarını dövlət katibi olduğu zaman Rusiya prezidenti ilə iş təcrübəsi əsasında söylədiyini deyib.

“Putinin siyasi baxışları daha qüdrətli Rusiya ideyasına əsaslanır. Dövlət katibi olanda deyirdim ki, onun məqsədi Rusiyanın ətraf bölgələrinin yenidən sovetləşdirilməsidir, lakin bu prosesdə Rusiya qüdrətli ölkə kimi öz potensialını itirir, bu da Avropada sabitlik və sülhə təhlükə yaradır”-deyə Hillari Klinton bildirib.

Xanım Klinton Rusiya prezidentinin Ukraynada atdığı addımlar və Adolf Hitlerin İkinci Dünya müharibəsindən öncə verdiyi qərarlar arasında paralellər aparıb. Keçmiş dövlət katibi Putin və Hitleri müqayisə etmək fikrində olmadığını deyib, lakin qeyd edib ki, tarixi perspektivi də unutmaq olmaz.

Onun sözlərinə görə, prezident Putinin Krımda rus azlıqlarının müdafiə edilməli olduğuna təkid etməsilə bağlı bəyanatları 1930-cu illərdə nasist Almaniyasının Polşa, Çexoslovakiya və Avropanın başqa ölkələrində alman azlıqların müdafiəsinə ehtiyac olduğu haqda bəyanatlarını xatırladır.

Hillari Klinton bəzi ekspertlərin onun açıqlamaları ilə bağlı tənqidlərinə cavab verərək öz mövqeyini müdafiə edib: "Mən istəyirdim ki, hər kəsin tarixi perspektiv haqda təsəvvürü olsun. Mən müqayisə aparmıram, amma əvvəllər istifadə edilən taktikadan nəticə çıxarılmasını tövsiyə edirəm”-deyə o bildirib.

Xanım Klinton öz çıxışında Ağ Evin Ukrayna ilə bağlı bəyanatına dəstəyini ifadə edib və Rusiyanın Krıma müdaxiləsinin beynəlxalq hüququn pozulması olduğunu və ABŞ və müttəfiqlərin məhz bu səbəbə görə narahat olduğunu deyib.
XS
SM
MD
LG