Accessibility links

Hindistanda etirazlar davam edir


Hindistan rəsmiləri cümə günü yeni vətəndaşlıq qanununa etiraz olaraq planlaşdırılan nümayişlərdən öncə böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini artırıb və bəzi yerlərlə mobil telefonların internetini kəsib.

Müsəlmanlara qarşı ayrıseçkilik kimi görülən qanun dekabrın 11-də qəbul olunandan bəri davam edən etirazlar nəticəsində azı 25 nəfər ölüb.

Baş nazir Narendra Modinin hindu millətçi höküməti tərəfindən parlamentdə qəbul olunan qanuna qarşı etiraz Modinin 2014-cü ildə baş nazir vəzifəsinə seçilməsindən bəri üzləşdiyi ən böyük çətinlikdir.

Zorakılıqlar ötən cümə günü artıb. Belə ki, bəzi şəhərlərdə, xüsusilə də Hindistanın ən çox əhalisi olan Uttar Pradeş ştatında cümə namazından sonra polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

İnternet kəsilib, polis səfərbər olub

Bu həftə daha çox etirazlar gözlənilir. Uttar Pradeşin rəhbərliyi ştatın bir çox hissəsində mobil internet xidmətlərini dayandırıb.

Yeni Dehlidən 90 kilometr uzaqda yerləşən Uttar Pradeş ştatının Mirut şəhərinə 3000-ə yaxın polis göndərilib. Bu isə ötən cümə ilə müqayisədə dörd dəfə çoxdur.

Ötən cümə şəhərdə azı beş nəfər həyatını itirmişdi.

Bir şahidin Reutersə verdiyi məlumata görə, o, iğtişaşa nəzarət maşınlarının üzərinə gözyaşardıcı qaz şırnaqlarının yerləşdirildiyini görüb.

Yeni Dehlidə fövqəladə qanun

Yeni Dehlidə polis şəhərin bəzi hissələrində fövqəladə vəziyyət elan edib və insanların toplaşmalarına qadağa tətbiq edib. Uttar Pradeşdə bənzər qadağalar artıq bir həftədir tətbiq olunur.

Qadağalara baxmayaraq Dehli, Mumbay, Kolkata, Əhmədabar, Benqaluru və Çennayda minlərlə insanın cümə namazından sonra etiraz edəcəkləri gözlənilir.

Vətəndaşlıq qanunu Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi qonşu ölkələri Əfqanıstan, Banqladeş və Pakistandan 2015-ci ildən öncə gələn azlıqların vətəşdalıq almalarını asanlaşdırır.

Hindistanda etiraz
Hindistanda etiraz

Tənqidçilər deyir ki, müsəlmanların istisna olunması ayrı-seçkiliyə bərabərdir və vətəndaşlığın din əsasında verilməsi Hindistanın sekulyar konstitusiyasına ziddir.

Hindistanın ikinci ən böyük dini icması olan müsəlmanlar əhalinin 14 faizi təşkil edir.

Etirazlar Hindistanda iqtisadi artımın son altı ildə ən aşağı səviyyədə, işsizlik səviyyəsinin isə yüksək olduğu zamana təsadüf edib.

XS
SM
MD
LG