Cümə günü Misirin Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına keçməsi gözlənilən və çox ehtiyac duyulan humanitar yardım karvanının azı bir gün gecikəcəyi gözlənilir.
ABŞ rəsmiləri Qəzzaya həyati vacib tibbi ləvazimat, ərzaq, su və digər ehtiyacların gətirilməsini nəzərdə tutan karvanın gecikməsinin səbəblərindən birinin yol təmiri olduğunu deyib.
Oktyabrın 7-də HƏMAS militantlarının qəfil hücumuna cavab verən İsrail qüvvələri bu ərazini iki həftəyə yaxın hava hücumlarına məruz qoyub.
Bombardman yüz minlərlə Qəzza sakinini evsiz və yardıma möhtac buraxıb. ABŞ prezidenti Co Bayden bu həftə İsrailə səfəri zamanı Qəzzaya bəzi yardımların göndərilməsi üçün İsrail və Misir arasında razılaşma əldə edib.
BMT-nin yardım əməliyyatına hazırlıqlara nəzarət etmək üçün Qahirəyə gedən BMT-nin Baş katibi Antonio Quterres cümə axşamı bildirib ki, Qəzzada yaşayan fələstinlilərə məhdud humanitar yardım yetərli deyil.
Quterreş jurnalistlərə "Bu, birdəfəlik kiçik bir əməliyyat olmamalıdır, bu, Qəzza xalqına humanitar yardımın davamlı çatdırılması deməkdir" deyib.
"Sadə dillə desək, bu o deməkdir ki, humanitar yardım işçiləri yardımı çatdıra və onu təhlükəsiz şəkildə paylaya bilməlidirlər" - deyə, Quterreş bildirib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi bunları Misirin xarici işlər naziri Sameh Şükrü ilə birgə keçirilən mətbuat konfransında deyib. Misir yardımın çatdırılması üçün beynəlxalq səylər nəticəsində mühüm əhəmiyyət kəsb edən Qəzzaya gedən Rəfah sərhəd keçidinə nəzarət edir.
Quterreş deyib ki, Rəfah qəzzalılar üçün "həyati əhəmiyyətli"dir.
Oktyabrın 7-də militantların 1400 israillini öldürməsi və daha 200-ə yaxın insanı Qəzza zolağına qaçırmasından sonra HƏMAS-ın nəzarətində olan Qəzza zolağı İsrail tərəfindən tam mühasirəyə alınıb.
"Təxminən iki həftədir ki, Qəzza xalqı yanacaq, ərzaq, su, dərman və digər zəruri ehtiyacdan məhrumdur. Xəstəlik yayılır. Təchizat azalır. İnsanlar ölür" Quterreş deyib.
Quterreş bu həftə təcili humanitar atəşkəsə çağırıb və Qahirədə müraciətini bir daha təkrarlayıb. Misirin xarici işlər naziri də bunun təcili olduğunu vurğulayıb.
"Mən zati-aliləri baş katibin hər cür münaqişədə gərginliyin azaldılması, fələstinli xalqın qanının tökülməsinə son qoyulması üçün atəşi dərhal dayandırmaq çağırışını alqışlayıram" - deyə, Sameh Şükrü bildirib.
Forum