Accessibility links

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni səlahiyyətlər verilib


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səalhiyyətləri artırılıb.

Prezident İlham Əliyev oktyabrın 8-də “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində bəzi tədbirləri əhatə edir.

Fərmanla Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinə 5.8-1-ci yarımbənd əlavə edilib. Həmin bənd idarəyə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil etmək səalhiyyəti verir.

Eyniz zamanda, idarə bundan sonra qeyd olunan cinayətlərlə bağlı statistik məlumatların toplanması, işlənməsi və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini də təmin etməlidir.

Fərmana əsasən, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri və digər əlaqəli qurumlar gərəkli statistik məlumatları idarəyə verməlidirlər.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2004-cü ildə yaradılıb.

XS
SM
MD
LG