Accessibility links

İqtisadçı: 'Minimum əməkhaqqı ən azı 280 manat olmalıdır'


Fevral ayı daha çox minimum əməkhaqqının 130 manatdan 180 manata, əmək pensiyalarının 3 faiz və tələbə təqaüdlərinin 20 faizə yaxın artması ilə yadda qaldı.

Bəs sosial sahədə daha hansı qərarlar qəbul edilməlidir ki, insanların həyat şəraiti yaxşılaşsın? AzadliqRadiosu bu sualla iqtisadçılara müraciət edib.

“Təqaüdlərin indeksasiyası qiymətlərin artım tempinə uyğun həyata keçirilməlidir”

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev artımlarla bağlı qəbul edilən qərarları təqdir etsə də, onun yetərli olmadığını düşünür.

Nemət Əliyev
Nemət Əliyev

O deyir ki, minimum əməkhaqqı minimal ehtiyac zənbilinin gerçək vəziyyətini ifadə etmir. İqtisadçının sözlərinə görə, aparılan birbaşa və dolayı hesablamalar göstərir ki, istehlak səbətinin hazırkı dəyəri təxminən 270-280 manat üzərindədir. Ona görə də minimum əməkhaqının ən azı həmin rəqəmə çatdırılmasının vacibliyini qeyd edir.

“Bu addım pensiyaların minimal həcminin və təqaüdlərin həcminə münasibətdə də elədir. Bir insanın ay ərzində sərf etdiyi kalorinin yerini doldurmaq üçün rəqəmlər çox olmalıdır. İkinci, verilən qərarların davamlı olması vacibdir. Çünki ölkə başçısının məlum qərarları xalqın narazılığının üzə çıxması ilə əlaqədardır. Bu baxımdan hər il təqaüdlərin indeksasiyası qiymətlərin artım tempinə uyğun həyata keçirilməlidir”, - Nemət Əliyev bildirir.

O, 2018-ci ildə apardıqları hesablamalar zamanı idxal mallarının qiymətinin 30 faiz, daxili istehlak bazarındakı qiymətlərin 10 faizdən çox artdığını söyləyir.

“Amma bu artımın doğurduğu psixoloji təsirlər də var, yerli malların, xidmətlərin qiymətləri də qalxıb. Belə baxanda daxili bazarlarda qiymətlərin artım tempi çox yüksəkdir, yəni əməkhaqqlarının, pensiya və təqaüdlərin artım tempini çox üstələyir. Odur ki, indeksasiya tədbirləri keçiriləndə qiymətlərin artım tempini mütləq nəzərə almaq lazımdır. Əks təqdirdə, atılmış addımların real həyatda heç bir nəticəsi olmayacaq. Təqaüdlərdə, orta aylıq əməkhaqlarında, pensiyalarda artımlar həyata keçirilsə də, insanların həyat səviyyəsi pisləşməkdə davam edəcək”.

“Pensiya yaşı dəyişdirilməlidir”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı Vüqar Bayramov da minimum pensiya və əməkhaqqının artırılmasını müsbət hal sayır. Bunun davam etdirilməsinə ehtiyacolduğunu düşünür. İqtisadçı bu məqsədlə bir neçə ildir müzakirə edilən iki baçlıca problemin həlli istiqamində addımların atılmasını gərəkli olduğunu da bildirir. Bunlardan biri problemli kreditlər, digəri təqaüd yaşı ilə bağlıdır.

Vüqar Bayramov pensiya yaşının 65-ə çatdırılmasının tərəfdarı olmadığını bildirir. Onun qənaətincə, ən azı Rusiyadakı metodun tətbiqi daha məqsəduyğun olardı, “pensiya yaşının 60, əmək pensiya yaşının isə 65 müəyyənləşməsi daha vacibdir”. İqtisadçının sözlərinə görə, bu durumda 60 yaşdan sonra Azərbaycan vətəndaşları da pensiyadan istifadə hüququ qazana bilər.

“Pensiyanın hesablanması qaydasının təkmilləşdirilməsinə, xüsusən də pensiya məbləğlərində daha çox artıma nail olunması ehtiyac var, bu, insanların sosial müdafiəsi baxımından çox vacibdir. Əməkhaqlarının, xüsusən minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizə çatdırılması istiqamətində fəaliyyətlərin genişlənməsi daha məqsəduyğun olardı. Eyni zamanda, sosial proqramların icrasına, xüsusən vətəndaş cəmiyyətinin nəzarətinin və monitorinqinin gücləndirilməsinə cəlb olunması vacibdir. Belə olarsa, daha çox vətəndaşın sosial təminatdan faydalanması olə nəticələnər”, - Vüqar Bayramov deyir.

İqtisadçının fikrincə, hökumət eyni zamanda manatın devalvasiyasından öncə xarici valyuta ilə götürülmüş kreditlərlə bağlı bağlı qərar verməlidir:

“Vətəndaşların gəliri manatladır, amma onların böyük bir qisminin borcu dollar, yaxud başqa xarici valyutayladır. Xüsusən də manat möhkəm olan illərdə alınan xarici valyutaların ödənməsində problemlər var. Vətəndaş 10 min dollar kredit götürmüşdüsə, o zaman bu məbləğ 7800 manat idi, devalvasiya nəticəsində məbləğ 17 min manata qədər qalxıb, üzərinə faizləri gəldikdə, hansı mənzərənin yarandığını görmək çətin deyil. Hazırda banklarda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Bu, ümumi kredit portfelinin 12 faizindən çox deməkdir. Yəni problemli kreditlərin ümumi kredit portfelindəki payı ikirəqəmlidir, deməli, bu istiqamətdə addımların atılmasına, başlıcası xarici valyutada kredit götürənlərə güzəşt etməyə ehtiyac var”.

​İqtisadçı hələ 2015-ci ildə təmsil olunduğu mərkəzin problemli kreditlərlə bağlı hökumətə təkliflərini təqdim etdiyini və üçtərəfli güzəşt mexanizminin tərəfdarı olduqlarını qeyd edir:

“Bu o deməkdir ki, fərqin hökumət, bank və müştəri arasında bölüşdürülməsi daha məqsəduyğundur. Heç bir tərəfə ağırlıq yaratmır, çünki hər bir tərəf fərqin bir hissəsini ödəyir, həm də dövlət üçün ağırlıq olmadan problemin həllinə nail olunur. Bu halda kredit 1.70 kursu ilə deyil, 1.6 kursu ilə qaytarılacaq ki, bu da vətəndaşlar üçün sosial baxımdan dəstəkdir”.

Problemli kreditlərlə bağlı bəzi deputatlar da hökumətə təkliflərini təqdim ediblər. Hələlik hökumət buna müsbət cavab verməyib.

AzadliqRadiosu

XS
SM
MD
LG