Accessibility links

İran prezidentliyinə iki namizəd qeydiyyatdan keçib


İbrahim Rəisi

İran prezidentliyinə iki əsas namizəd, sərt xətt tərəfdarı baş hakimi İbrahim Rəisi və sabiq parlament spikeri Əli Laricani şənbə günü gələn ay keçiriləcək seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib.

İyunun 18-də prezident Həsən Ruhaninin xələfini müəyyən etmək üçün keçiriləcək seçki ölkənin ruhani liderləri üçün bir sınaq olaraq görülür.

Rəisi İranın müsəlman isteblişmentində orta səviyyəli bir din xadimidir. O, 2019-cu ilin martında Ali Ruhani Ayətullah Əli Xamenei tərəfindən baş hakim təyin edilib və daha sonra ölkənin ən güclü fiqurlarından birinə və Xameneinin rəqibinə çevrilib.

Nüvə müzakirələrinin sabiq vasitəçisi və Xameneinin müşaviri olan Laricani həm mötədillər həm sərt xətt tərəfdarlarının dəstəyini almağa və onlar arasındakı boşluğu bağlamağa ümid edir.

“Mən bu səhnəyə ölkənin icraedici rəhbərliyinə dəyişikliklər etmək və yoxsulluq, korrupsiya, alçalma və diskriminasiyaya qarşi mübarizə aparmaq üçün müstəqil namizəd olaraq çıxıram,” Rəisi qeydiyyatdan keçmədən yaydığı bəyanatda bildirib.

Baş hakim 2017-ci il prezident seçkilərində Ruhaniyə məğlub olub. İranda prezidentlik müddətinə qoyulan məhdudiyyət səbəbilə Ruhaninin bir daha namizədliyini irəli sürməsi mümkün deyil.

Reformistlər və hüquq müdafiəçiləri deyir ki, onlar Rəisinin sərt xətt tərəfdarı bir hakim kimi keçmişinə görə narahatdırlar, xüsusilə də ona görə ki, Rəisi 1980-ci illərdə minlərlə siyasi məhbusa ölüm cəzası tətbiq edən dörd hakimdən biri olub.

Namizədlər çərşənbə axşamından başlayaraq seçki üçün qeydiyyatdan keçməyə başlayıblar. Dini rəhbərlər seçici fəallığının yüksək olacağına ümid edirlər. Lakin Vaşinqtonun üç il öncə İranla dünya qüdrətləri arasında əldə olunan nüvə razılığından geri çəkilməsindən sonra ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində viran olan iqtisadiyyatla bağlı artan narahatlıq səbəbilə seçicilərin seçkidə iştirak etmək marağı azala bilər.

Rəisi deyib ki, onun hökuməti “zalım sanksiyaları aradan qaldırmaq üçün bir dəqiqə belə itirməyəcək.”

Namizədlərin qeydiyyatı şənbə günü başa çatır. Onun ardınca qeydiyyatdan keçən namizədlərin siyasi və islami kvalifikasiyaları 12 üzvlük Keşikçi Şurası tərəfindən nəzərdən keçiriləcək.

Qurumun altı üzvü Xamenei tərəfindən təyin olunur.

Şərhlərə bax

XS
SM
MD
LG