Accessibility links

İran və Rusiya Hind okeanında hərbi dəniz təlimlərinə başlayıb


İranın dövlət mətbuatının verdiyi məlumata görə, İran və Rusiya,Hind okeanının şimal hissəsindəki bölgədə dəniz ticarətinin "təhlükəsizliyini artırmaq" məqsədilə hərbi dəniz təlimlərinə başlayıb.

Dövlət televiziyası fevralın 16-da "Dəniz Təhlükəsizliyi Kəməri" adlandırılan təlimlərin təxminən 17.000 kvadrat kilometr ərazini əhatə edəcəyini və İran Hərbi Dəniz Qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Dəniz Qüvvələrinin və Rusiya Hərbi Dəniz Donanmasının birləşmələrini əhatə edəcəyini bildirib.

İranlı kontr-admiral Qulamreza Tahani təlimin məqsədinin "beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin artırılması, dəniz quldurluğu və terrorizmlə mübarizə və məlumat mübadiləsi"ndən ibarət olduğunu bildirib.

Tahani Hindistan Hərbi Dəniz Qüvvələrinin də "qonşu və regional ölkələr üçün sülh və dostluq" əlaməti olaraq manevrlərə qatılacağını əlavə edib.

İranın dövlət İRNA xəbər agentliyi təlimin üç gün davam edəcəyinin nəzərdə tutulduğunu qeyd edib.

Bu, Rusiya və İran hərbi dəniz qüvvələrinin 2019-cu ilin dekabrında Hind okeanı və Oman körfəzində Çinin də qatıldığı manevrlərdən bəri birgə təşkil edilən ikinci təlimlərdir.

İran və Çin həmçinin 2020-ci ilin sentyabrında Rusiyada keçirilən hərbi təlimlərə qatılmışdı.

Tehran ABŞ ilə gərginlik fonunda Pekin və Moskva ilə hərbi əməkdaşlığı artırmağa çalışır.

İran həmçinin ABŞ Prezidenti Donald Trampın administrasiyasının son günlərində yaranmış gərginlik səbəbindən son həftələrdə hərbi təlimlərini artırıb.

XS
SM
MD
LG