Accessibility links

İraq təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb


İraq təhlükəsizlik qüvvələrinin bazar günü Bağdadda və ölkənin cənubunda Nasiriyyə şəhərində keçirilən nümayişləri dağıtmaq məqsədilə atəş açması nəticəsində bir neçə nümayişçi yaralanıb.

İraqın nüfuzu şiə ruhanisi Müqtəda Əl-Sədr şənbə günü dörd aydır davam edən və ölkədə sabitliyə təhlükə yaradan nümayişlərə dəstəyini geri çəkib. Sədrin dəstəyini geri çəkməsindən bir neçə saat sonra onun bundan öncə etirazların iştirakçısı olmuş tərəfdarları qurduqları çadırları sökərək, düşərgəni tərk ediblər.

Etiraz nümayişlərinin iştirakçıları ölkə rəhbərliyinin dəyişdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, təhlükəsizliyin təmin edilməsinə, eləcə də geniş yayılmış korrupsiyaya son qoyulmasına və yoxsulluğun aradan qaldırılmasına çağırır.

Nümayişçilər Sədrin dəstəyini geri çəkməsindən sonra İraqda mövcud silahlı birləşmələr və təhlükəsizlik qüvvələrinin etirazçılara hücum edəcəyini proqnozlaşdırır.

İraqda keçən ilin oktyabr ayından keçirilən nümayişlərdə azı 600 nəfərin öldürüldüyü və 20 mindən çox adamın yaralandığı ehtimal edilir.

XS
SM
MD
LG