Accessibility links

İran Azərbaycanı və Tehranda Abbas Lisaniyə dəstək məktubları yazılıb


Abbas Lisani
Abbas Lisani

Tehran və İran Azəraycanının müxtəlif şəhərlərində fəaliyyət göstərən bir qrup türk fəal, yazar və jurnalistlər siyasi məhbus Abbas Lisaninin durumu ilə bağlı müxtəlif dövlət qurumlarına açıq məktublar ünvanlayıblar.

Yanvar ayının 15-dən Ərdəbilin mərkəzi həbsxanasında saxlanılan Abbas Lisani may ayının 27-dən bəri məhkəmə dosyesi ilə bağlı məlumat alma hüququnun pozulduğuna etiraz olaraq aclıq aksiyası keçirir.

Keçən bir neçə gün ərzində aralarında Həsən Raşidi, Əkbər Azad və İsa Yeganə kimi tanınmış yazar və araşdırmaçıların da olduğu bir qrup mədəni fəal müxtəlif dövlət qurumlarına məktublar göndərərək Abbas Lisani başda olmaqla, həbsdə olan tük fəalların azadlığını tələb ediblər.

Tanınmış yazar və türk dili hüquqları müdafiəçisi Əkbər Azad İran Məhkəmə Sisteminin başqanı İbrahim Rəisiyə ünvanladığı açıq məktubda Abbas Lisaninin qanuni hüquqlarının bərpa olunmasını tələb edib.

Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində fəaliyyət göstərən bir qrup yazar, mədəni fəal və ictimai fəal isə Abbas Lisaninin vəziyyəti ilə əlaqədar Ərdəbil Ədliyyəsi, Ərdəbil valisi, İmam-Cümə, həmçinin İran Parlamentinin bir neçə türk millət vəkilinə birgə məktub ünvanlayıblar.

Aralarında tanınmış araşdırmaçı yazar İsa Yeganənin də olduğu Sulduzlu fəallar məktubda siyasi məhbusun vəziyyətinə baxılmadığı təqdirdə beynəlxalq qurumlara müraciət edəcəklərini bildiriblər.

Ərdəbildə yaşayan fəal keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.

Lisani bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

XS
SM
MD
LG