Accessibility links

İlham Əliyev hərbi əməkdaşlıq, prezident seçkiləri, Dağlıq Qarabağ münaqişəsindən danışıb


Azərbaycan prezidenti Rusiyanın "Sputnik" informasiya agentliyinə müsahibə verib

“Hərbi sahədə əsas tərəfdaşımız Rusiyadır. Səhv etmirəmsə 5 milyard dollarlıq müqavilələr imzalamışdıq və həmin kontraktların çox hissəsi icra olunub. Yəni bu gün Azərbaycanın əsas silahları Rusiya istehsalıdır. Amma başqa yerlərdən də silah almağımız düşünürəm ki, təbiidir”. Bu barədə prezident İlham Əliyev Rusiyanın "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Əliyev Azərbaycanın Rusiya ilə yanaşı, İran, Belarus, Türkiyə, İsraildən silah aldığını, Pakistanla hərbi əməkdaşlığı inkişaf etdirmək planlarının olduğunu bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən deyib ki, nizamlanma mümkün olsa Dağlıq Qarabağa muxtar respublika statusu da verilə bilər.

“Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə görünür”, o qeyd edib.

Dövlət başçısı hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil.

“Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər”, prezident bildirib.

Prezident İlham Əliyev Qarabağ münaqişəsinin hazırda nizamlanmasının mümkün olmaması barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatını “insafsızlıq” adlandırıb və bunu ABŞ-ın münaqişəni həll etmək istəməməsilə əlaqələndirib.

O, Kerrinin bəyanatını “diplomatik kazus” adlandırıb.

“Münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır”, Əliyev qeyd edib.

“ABŞ dövlət katibi bildirir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, dövlət başçısı vurğulayıb.

“Bu nə üçün baş verir” sualının cavabında İ.Əliyev deyib ki, Azərbaycan “sözə baxmadığına görə” cəzalandırmaq üçün belə edirlər.

“Bizdə bütün azadlıqlar təmin olunur. Ancaq buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar üçün obyektə çevrilir.

Bütün bunlar siyasi motivlidir, səbəb odur ki, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə bərabər tərəfdaş kimi əməkdaşlıq edir. “Ancaq, görünür, bu ölkələrdəki hansısa dairələr üçün bu, azdır, onlar daha çox istəyirlər”, onlar “təlimatın icrasını istəyirlər, biz isə bu rol üçün yaramırıq”, o vurğulayıb.

“Biz əməkdaşlıq istəyirik, ancaq bizim işlərimizə qarışmağı qətiyyən istəmirik, QHT adı altında siyasi partiyaların maliyyələşdirilməsini, sabitliyin pozulması cəhdlərini, bizim daxili işlərimizə açıq müdaxiləni istəmirik”, Əliyev bildirib.

Əliyev deyib ki, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü istisna etmək olmaz.

“Ancaq ölkə indiki statusunda özünü daha inamlı hiss edir. Bu haqda söhbət ekspertlər səviyyəsində, müxtəlif ölkələrin siyasi elitalarında çoxdan gedir. Belə deyərdim: biz prinsipcə hazırkı mövqeyimizdə olmaqdan özümüzü çox rahat və inamlı hiss edirik. Ona görə də gərək baxaq ki, hansı tendensiyalar baş verəcək. Əlbətdə, əgər İttifaq cəlbedici olsa çoxları ora can atacaq. Ona görə də heç nəyi istisna etmək olmaz, lakin mən indiki mərhələni məhz belə xarakterizə edərdim”, o qeyd edib.

Prezident Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı yayılan qeyri-rəsmi məlumatlara da münasibət bildirib.

“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, o zaman əlbəttə ki bu etimadı doğrultmağa çalışacam”, Əliyev deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG