Accessibility links

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn həbsdən buraxılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bu gün, dekabrın 15-də həbsdən buraxılıb. Bu barədə İlham Hüseyn AzadliqRadiosuna özü məlumat verib.

O bildirib ki, oktyabrın 16-da saxlanıb. Dediyinə görə, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb, 7 saat orada saxlandıqdan sonra Respublika Narkoloji Mərkəzinə gətirilib, oradan rəy alınıb ki, qanında narkotik var.

Bunu uydurma sayan AXCP funksionerinin vurğulamasına görə, ona Cinayət Məcəlləsinin 206.2-ci ( narkotik vasitələrin, silah, radioktiv və başqa maddələrin gömrükdən gizli keçirilməsi ) və İnzibati Xətalar Məcəlləsinin 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittihamlar verilib. İlham Hüseyn 2 ay həbsdə qaldığını əlavə edib.

Onun dediyinə görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə həbsindən apelyasiya şikayəti versə də, rədd cavabı alıb. İlham Hüseyn Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini söyləyib.

Ona irəli sürlən ittihamları və həbsini siyasi fəaliyyəti ilə izah edən AXCP funksioneri qeyd edib ki, o, küçədə çörək alarkən saxlanıb.

İlham Hüseyn əlavə edib ki, sərbəst buraxılsa da Cinayət Məcəlləsinin 206.2-ci maddəsi üzrə ittiham onun üzərindən götürülməyib.

Həmin maddə üzrə ona 7 ilə qədər həbs cəzası verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 535-ci madəsi üzrə maksimum cəza isə 1 ay həbsdir.

AXCP funksionerinin bu açıqlamasını hələlik, Sabunçu Rayon Məhkəmsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə insanların şərlənərək, dinc siyasi fəaliyyətlərinə görə, həbs edilməsi ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG