Accessibility links

İran prezidenti vəzifəsini icra edən Moxber parlament qarşısında çıxışında Rəisi haqda danışıb


İranda prezident vəzifəsini icra edən Məhəmməd Mohbir
İranda prezident vəzifəsini icra edən Məhəmməd Mohbir

İranda prezident vəzifəsini icra edən Məhəmməd Moxber bazar ertəsi ölkənin yeni parlamenti qarşısında çıxış edib.

Qanunvericilərə müraciət Moxberin keçən həftə sələfi İbrahim Rəisi və daha yeddi nəfərin ölümü ilə nəticələnən helikopter qəzasından sonra ictimaiyyət qarşısında ilk çıxışı olub.

"Bu acı və kədərli hadisəyə baxmayaraq, ölkənin heç bir layihəsi bir gün belə bağlanmadı. Xalqa xidmət və ölkənin problemlərinin həlli üçün bu yol davam edəcək," Rəisinin ölümünə toxunan Moxber deyib.

O, Rəisinin irsi haqqında parlaq bir təsvir yaratsa da, insan haqları qrupları bununla bağlı fərqli fikir bölüşür.

"İbrahim Rəisiyə qarşı sağ ikən qətl, zorla yoxa çıxarma və işgəncələr də daxil olmaqla, insanlığa qarşı cinayətlərə görə cinayət işi açılmalı idi", Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Əltahavi deyib.

"Onun ölümü qurbanları və onların ailələrini həqiqəti öyrənmək və onun cinayətlərinə şərik olan hər kəsi məsuliyyətə cəlb etmək hüququndan məhrum etməməlidir", o əlavə edib.

Rəisi 1980-ci illərin sonunda minlərlə siyasi məhbusa ölüm hökmü çıxaran komisiyanın üzvü idi.

"Bu qruplar ədalətli məhkəmə standartlarını ələ salıb və bundan sonra baş verən kütləvi edamlar insanlığa qarşı cinayət kimi araşdırılmalıdır" - deyə, Human Rights Watch təşkilatı üçün İran və Küveytdə insan haqları pozuntularını araşdıran Tara Sepehri Far verdiyi açıqlamasında bildirib.

Bəzi insan haqları müdafiəçiləri Rəisini "Tehran qəssabı" adlandırır.

2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümü İranın məcburi hicab qanunlarını pozduğuna görə həbs olunduqdan sonra ölməsi məhz Rəisinin hakimiyyəti altında baş verib. Bu hadisə beynəlxalq və insan haqları təşkilatlarının etirazlarına səbəb olub.

Moxber bazar ertəsi qeyd edib ki, Rəisinin vəzifədə olduğu son aylarda İran üç ölkəyə - İraq, İsrail və Pakistana qarşı hərbi əməliyyatlar keçirsə də, iqtisadi sabitliyini qoruyub saxlayıb.

"Üç ölkə təsirləndi. İsraili vurduq. İnsanlar səhər yuxudan duranda rəqəmlərin və indekslərin eyni olduğunu, valyutanın qiymətinin eyni olduğunu, inflyasiyanın eyni olduğunu, bazarın isə insanların tələbatı ilə dolu olduğunu gördü. Bu güc, bu mövqe və bu qüdrət sıradan bir şey deyil. Bunların hamısı ali dini liderin rəhbərliyi və Ayətullah Rəisinin səylərinin nəticəsidir," Moxber bildirib.

Rəisi İran və İsraillə raket hücumları mübadiləsi apardığı və mübahisəli nüvə proqramına görə beynəlxalq təzyiqlə üzləşdiyi siyasi gərginlik dövründə dünyasını dəyişib. İran həmçinin Ukraynada müharibədə Rusiyanı pilotsuz təyyarələrlə təmin etməkdə günahlandırılır. Rəisi bu ittihamı rədd edirdi.

Moxberin sözlərinə görə, Rəisinin iranlılar arasında populyarlığı və tanınması "xalqa xidmət etmək və İslam İnqilabının böyük rəhbərinə itaət etməkdən daha üstün fəzilətin olmadığını sübut edir".

Bununla belə, Londonda yerləşən farsdilli televiziya xəbər kanalı olan İran İnternational prezidentin helikopterinin qəzaya uğraması xəbərindən sonra sosial mediada sevinc atəşfəşanlığı ilə bağlı məlumatlar aldığını bildirib.

Saytlardan birində "həyatınızı elə yaşayın ki, insanlar sizin ölüm xəbərinizi atəşfəşanlıq və şirniyyat paylamaqla qeyd etməsin" yazılıb.

Moxber həmçinin bazar ertəsi deyib ki, İran Qərbin sanksiyalarına baxmayaraq, hazırda gündə 3 milyon bareldən çox neft hasil edir. Lakin bu sanksiyalar bazarda alıcıların İranın əsas neft müştərisi olan Çinlə məhdudlaşdırılmasına səbəb olub.

İran gələn ay Rəisini əvəz edəcək yeni prezidentin seçilməsi üçün seçki keçirəcək. Siyasi analitiklər Moxberin namizədlərdən biri olacağını güman etdiklərini bildirirlər.

Forum

XS
SM
MD
LG