Rəsminin bildirdiyinə görə, Pakistandan İraqa gedən şiə zəvvarların olduğu avtobusun İranın mərkəzində qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb.
Yerli fövqəladə hallar rəsmisi Məhəmməd Əli Mələkzadə qəzanın çərşənbə axşamı gecə İranın mərkəzi Yəzd vilayətində baş verdiyini bildirib.
O əlavə edib ki, qəza nəticəsində daha 23 nəfər xəsarət alıb və onlardan 14-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, avtobusdakı sərnişinlərin hamısı Pakistandan olub.
İranın paytaxtı Tehrandan təqribən 500 kilometr cənub-şərqdə yerləşən Taft şəhəri yaxınlığında baş verən qəza zamanı avtobusda 51 nəfər olub.
İran dövlət televiziyası daha sonra şossedə çevrilmiş, tavanı sınmış və bütün qapıları açıq avtobusun görüntülərini yayımlayıb.
Dövlət televiziyasının reportajında Mələkzadə qəzanın səbəbini avtobusun əyləclərinin sıradan çıxması və sürücünün diqqətsizliyi ilə əlaqələndirib.
Pakistan mediası yerli şiə lideri Qəmər Abbasa istinadən xəbər verib ki, qəza nəticəsində 35 nəfər ölüb. O, avtobusdakı sərnişinlərin Pakistanın cənubundakı Sind vilayətinin Larkana şəhərindən olduqlarını bildirib.
İran hər il yol qəzasında təxminən 17 min ölümlə dünyanın ən pis yol hərəkəti təhlükəsizliyi göstəricilərinə birinə malikdir. Buna səbəb yol hərəkəti qaydalarına böyük etinasızlıq, təhlükəli nəqliyyat vasitələri və kənd yerlərində qeyri-adekvat təcili yardım xidmətləridir.
Forum