Accessibility links

İranda gözlənti böhranı-Nümayişçilər hökumət önünə iqtisadi dilemma qoyub


İran prezidenti Həsən Ruhani işsizlik və həyat stardartlarına etiraz edən on minlərlə insanın qatıldığı nümayişlərə görə iqtisadi siyasətində ciddi dəyişiklik etməyə məcbur olacaq.

2016-cı ilin yanvar ayında iqtisadi sanksiyaların ləğvindən sonra gözlənilən iqtisadi artım baş tutmadı. Bunun əvəzinə qeyri-neft sektoru tənəzzülə uğradı, işsizlik səviyyəsi 12.5 faiz yüksəldi. Milyonlarla gənc işsizdir. İnflyasiya 10 faizə yaxındır.

"İranda gözlənti böhranı yaşanır. Bu, dərin bir iqtisadi narazılıqdır" - deyə İstanbulda yerləşən Əl-Şərq Forumunun aradırmaçı alimi Tamer Bədavi bildirib.

Narazılıqları yatırmaq üçün Ruhani yeni iş yerlərinin açılması, inflyasiyanın qarşısının alınması və rialın mübadilə kursunu dəstəklənməsi üçün əlavə pul sərf etməlidir. Ancaq bütün bu addımlar ilk növbədə siyasi dəyişikliklər tələb edir.

Ruhani bu vaxta qədər İranın dəyişkən dövlət büdcəsinə nəzarəti təmin etməkdən ötrü mühafizəkar büdcə siyasəti yeridib. Bu yolla o, həm də xarici investorlara cəlbedici mühit yaratmağa çalışıb. Ancaq korrupsiya ilə mübarizə bu işdən ziyan görən güclü maraq qrupları ilə qarşıdurma riski yaradır.

İranlı iqtisadçı, Londonda yerləşən «Betamatrix» konsaltinq şirkətinin enerji risklərinin təhlili şöbəsinin rəhbəri Mehrdad Emadi hesab edir ki, Ruhani «Herkules sınağı» ilə üz-üzədir və bu, korrupsiya ilə mübarizədə xüsusilə aydın görünür. Ancaq o, Ruhaninin başqa çıxış yolunun olmadığını da bildirib. O deyib ki, İnsanlar get-gedə daha da çarəsizləşirlər və bu vəziyyətdə dövri etirazlar baş qaldıracaq.

2013-cü ildə hakimiyyətə gələndən sonra Ruhani qısa zamanda sələfi Mahmud Əhmədinejadının israfçı fiskal və monetar siyasətini dəyişməli oldu. Hökumət xərclərini azaltmaq üçün o, ilk növbədə aşağı və orta gəlirli vətəndaşlara pul yardımlarını məhdudlaşdırdı.

Ötən ay prezident martın 21-i başlayacaq yeni İran təqvim ili üçün yeni mühafizəkar büdcə planını parlamentə təqdim edib. Ümumi həcmi 104 milyard dollar olan bu yeni büdcə, hazırkı inflyasiya dərəcəsi nəzərə alınmaqla, bu ilin büdcəsindən 6% artıqdır.

Bu qənaət siyasəti cəmiyyətdə xoş qaşılanmayıb, çünki sanksiyaların sona çatmasına baxmayaraq, ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üzləşməkdədir. Bir çox xarici bank və şirkətlər İrana sərmayə yatırmağa tərəddüd edirlər. Bu, qismən ABŞ prezidenti Donald Trampın Tehrana münasibətdə sərt siyasət yürütməsi ilə bağlıdır.

Emadinin də iştirak etdiyi araşdırmanın nəticələrinə görə, İran xalqı ölkə iqtisadiyyatından beş əsas səbəbə görə narazıdır: işsizlik, aşağı alıcılıq qabiliyyəti, korrupsiya, rialın zəifliyi və İranın bölgələri arasında sərvətin qeyri-bərabər paylanması.

Araşdırmanın nəticələrinə görə, bu il ərzində iranlıların bu siyahıdakı ilk üç göstərici ilə bağlı düşüncəsi pisləşib. İranın bəzi cənub-şərq bölgələrində gənclər arasında işsizlik 45%-ə çatıb, iş bazarı isə kiçilməkdədir. Əgər bir il öncə 1 ABŞ dollarının məzənnəsi 36 min rial idisə, hazırda 42 min 900 rialdır. Ruhani administrasiyası İranın xarici valyuta ehtiyatlarından yararlanaraq, rialı dəstəkləyə bilər. Ancaq ötən ay Beynəlxalq Valyuta Fondu bunun xarici investisiyaların ölkəyə cəlbinə mənfi təsir göstərə biləcəyi haqda xəbərdarlıq edib.

Bəzi hesablamalara görə, İranda aktivlərin 60%-dən çoxuna nəzarət edən bu maraq qrupları, adətən, vergi ödəmir. İqtisadçı deyir ki, onlar bu yolla kiçik özəl şirkətlərin rəqabətə davamlığını süni azaldaraq yeni iş yerlərinin açılmasının qarşısını alır.

Emadinin sözlərinə görə, Ruhani administrasiyası bu problemi həll etməkdən ötrü həmin qurumlara öz mühasibat kitablarını vergi auditlərinə açmaları üçün təzyiq edir. O, həm də iş dünyasında daha çox şəffaflıq tələb edir.

Ancaq Bədavinin proqnozuna görə, iqtisadiyyatın durumunu qısa zamanda yaxşılaşdırmaq hökumətə çətin olacaq.

Təhlilçi qeyd edir ki, hökumət yeni iş yerlərinin açılacağına söz versə də, pul yardımları ilə bağlı qərarından geri çəkilməsi ehtimalı çox aşağıdır. Yalnız uzunmüddətli perspektivdə iqtisadiyyat şaxələndirilə və bank sistemi borc girdabından çıxarıla bilər.

«Düşünürəm ki, ciddi heç nə dəyişməyəcək. Hökumət insanlarla açıq olmağa, təşəbbüslər irəli sürməyə çalışacaq, ancaq struktur problemləri var – diversifikasiya, bank problemləri və ətraf dünya, xüsusən də Trampla münasibətlər», – o deyir.

XS
SM
MD
LG