Accessibility links

İranda narkomanlar artıq edam edilməyəcək


Narkotik vasitələrdən istifadəyə görə minlərlə edam və saysız-hesabsız ölüm hallarından sonra İran özünün narkotiklərlə bağlı siyasətini dəyişmək qərarına gəlib.

Parlamentdə xırda narkotik qaçaqmalçılarının edamına son qoyulması ilə bağlı yeni qanun qəbul olunub. Hələ araşdırma mərhələsində olan başqa bir plana görə isə, dövlət orqanları narkotik asılılığı olanlara uyuşdurucu vasitələri, xüsusən də tiryəki paylaya bilər.

17 FAİZ MEYLLİDİR

«Bu planın əsas məqsədi narkotik qaçaqmalçıları ilə narkotiklərdən asılı müştəriləri arasında əlaqəni kəsməkdir», – deyə İran parlamentinin Ədliyyə və hüquq komissiyasının sözçüsü Həsən Novruzi bildirib.

Onun sözlərinə görə, İranın bütün deputatları bu qanun layihəsini dəstəkləyir.

«Qanun layihəsinin əsas hədəfi narkotikə aludəçilərin sayını mümkün qədər azaltmaqla bağlı səyləri dəstəkləməkdir», –Məqsədəuyğunluq Şurasında narkotikə tələbatın azaldılması üzərində çalışan işçi qrupun rəhbəri Səid Sefatian İran Tələbə Xəbər Agentliyi (ISNA) tərəfindən dərc edilmiş müsahibəsində bildirib.

Sefatian-ın sözlərinə görə, iranlıların 17 faizi narkotikdən asılılıq yaradan maddələrdən istifadəyə «meyllidir». Bunun 5 faizi artıq «tamamilə asılıdır». O qeyd edib ki, yerdə qalan 12 faiz isə narkotik satanlar və qaçaqmalçılarla əlaqələri tamamilə kəsilməzsə, qurbana çevriləcək. Sefatian əlavə edib ki, İranın narkotikdən istifadəyə dair yaxşı bir fəaliyyət planına ehtiyacı var.

15 MİLYARD DOLLARLIQ XƏRC

Sefatian öz müsahibəsində bir çox Avropa dövlətlərini misal çəkib, ancaq ölkələrin adını səsləndirməyib:

«Orada narkotik asılılığı olan adamların aldıqları narkotik vasitələrin təmizlik dərəcəsini yoxlamaq üçün dövlət qurumlarına çıxışı var. Həmin qurumlar narkotik vasitəni dərindən yoxlayır və onun zərərli olduğunu aşkarlayanda, narkomana onun əvəzləyicisini verir», – deyə o bildirib.

Sefatian qeyd edib ki, İranda dərc edilən statistik məlumatların çoxu tam etibarlı olmasa da, ölkədə 220 mindən 250 minədək narkotik qaçaqmalçısı var. Bu isə ciddi ictimai təhlükə mənbəyidir.

Sefatian bundan başqa bəyan edib ki, hazırda İranda 2.8 milyon narkoman var:

«Onlar ölkə iqtisadiyyatına 500 trilyon riala (15 milyard dollar) başa gəlir. Bunun 200 trilyon rialı qaçaqmalçılara və narkotik alverçilərinə gedir».

Ancaq qeyri-rəsmi rəqəmlərə görə, İranda narkotik asılılığından əziyyət çəkən şəxslərin sayı 5 milyondan 6 milyona qədərdir.

«PLAN YENİ DEYİL»

S.Sefatian vurğulayıb ki, sözügedən plan yeni deyil:

«Keçmiş administrasiyalar [Mahmud Əhmədinejadın prezidentliyi dövrünü nəzərdə tutur] onu həyata keçirə bilmədiklərinə görə indi biz planın yeni versiyasını təqdim edirik».

Bu yeni plana görə, hökumət qurumları yaşı 50-ni keçmiş narkomanlara tiryək paylayacaq.

XS
SM
MD
LG