Pentaqon İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun SEPAH qüvvələrinin ABŞ-ın Oman dənizində İslam Respublikasına aid neft tankerini ələ keçirmək cəhdinin qarşısını aldığına dair iddialarını rədd edib.
"Mən İranın iddialarını gördüm. Onlar tamamilə, tamamilə yalandır və həqiqətə uyğun deyil" - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü jurnalistlərə bildirib.
Kirbi deyib ki, oktyabrın sonunda Oman dənizində ticarət gəmisini qeyri-qanuni olaraq ələ keçirən İran qüvvələri olub. O, ABŞ qüvvələrinin vəziyyəti izlədiyini, lakin "heç vaxt gəmini geri almağa" və ya İran qüvvələrinə müdaxilə etməyə cəhd göstərmədiyini deyib.
"İranın atdığı addımlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, gəmiçilik və ticarətin azadlığına xələl gətirir. Ələ keçirmə varsa, bu yalnız İran tərəfdən olub" - deyə, Kirbi əlavə edib.
Reuters xəbər agentliyinin bildirdiyinə görə, İranın iddialarını dəstəkləmək üçün ölkənin dövlət televiziyası qırmızı tankerin 10-a yaxın sürətli qayıqla əhatə olunduğunu əks etdirən kadrlar yayımlayıb.
Bu arada, ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, çərşənbə axşamı Hörmüz boğazında İrana məxsus olduğu güman edilən bir neçə dron "təhlükəsiz şəkildə" USS Essex gəmisinin yaxınlığında uçub.
Vəziyyəti müzakirə etmək səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi Amerikanın Səsinə dronların ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin təxminən 1500 metr yaxınlığında uçduğunu bildirib.
İranın dünya qüdrətləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin bərpasına dair dalana dirənmiş danışıqlar fonunda Tehran və Vaşinqton arasında gərginlik yüksək səviyyədə qalmaqda davam edir. Razılaşmaya əsasən qlobal sanksiyalar Tehranın uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırması müqabilində ləğv edilə bilər.
Keçmiş prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı sazişdən çıxarıb və ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa edib. Bundan sonra Tehran uranın zənginləşdirilməsi ilə bağlı razılaşma ilə müəyyən edilmiş məhdudiyyətləri pozub.