İranda kürd gəncin öldürülməsində əli olan bir polis məmuru həbs edilib. Bu, İran rəsmilərinin hökumət əleyhinə nümayişlər zamanı qəddarcasına repressiyalar həyata keçirən təhlükəsizlik qüvvələrinə qarşı nadir bir addımdır.
Fevralın 18-də verilən ilk rəsmi məlumatlarda Moxtar Fəthinin İran əxlaq polisi tərəfindən saxlandıqdan sonra ölümü ümummilli etirazlara səbəb olan 22 yaşlı Məhsa Əmininin vətəni Saqqız şəhərində polisin birbaşa atəşi nəticəsində öldürüldüyü bildirilib.
Divarda İslam Cümhuriyyəti əleyhinə şüarlar yazarkən öldürülən Fəthinin qətli ilk dəfə polis tərəfindən həyata keçirilən fakt kimi qeydə alınıb . İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi Fəthinin polis gülləsi ilə öldüyünü təsdiqləyib.
Bununla belə, "Hengaw" insan haqları qrupu mənbələrə istinadən xəbər verib ki, Fəthi təhlükəsizlik qüvvələri tərəfindən valideynlərinin evinin yaxınlığında başqa iki dostu ilə maşında oturarkən güllələnib.
İnsan haqları qrupu əlavə edib ki, "hökumət qurumları Fəthi ailəsini bu məsələ ilə bağlı ictimaiyyətə məlumat verməməyi tapşırıb".
Kürdüstan vilayətinin baş hakimi Hüseyin Hüseyini rəsmilərə qurbanın ailəsindən şikayət daxil olduğunu, "təqsirləndirilən şəxslərə qarşı iş açıldığını və bir polis məmurunun həbs edildiyini" etiraf edib.
İranda hökumət əleyhinə etirazlar sentyabr ayında əxlaq polisi tərəfindən saxlanılan qadının ölümündən sonra başlayıb. 22 yaşlı Məhsa Əmini İranda qadınlar üçün tətbiq edilən hicab "qaydalarını" pozduğuna görə həbs edilmişdi. Ölkə boyu iranlıların bütün təbəqələrinin qatıldığı etiraz nümayişləri 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri hesab olunur.
İnsan haqları qruplarının məlumatına görə, kütləvi aksiyalar zamanı 70-i azyaşlı olmaqla 500-dən çox nümayişçi öldürülüb, 20 minə yaxın insan isə nəzarət altına alınıb.