Accessibility links

HRANA: İranda etirazlar başlayandan azı 500 nəfər öldürülüb


Təranə Əlidosti
Təranə Əlidosti

ABŞ-da yerləşən insan haqları üzrə monitorinq təşkilatı HRANA-nın məlumatına görə, İranda sentyabrın ortalarında etirazlar başlayandan bəri azı 500 nəfər öldürülüb.

İnsan Haqları Fəalları Xəbər Agentliyi ölənlərin 69-nun 18 yaşdan aşağı olduğunu, rəsmilərin 18,400-dən çox insanı həbs etdiyini bildirib.

Etirazlar həmkarlar ittifaqı işçiləri, yanğınsöndürənlər və Təbrizdəki sement şirkətinin işçilərinin iştirakı ilə bazar günü də davam edib.

Kinorejissorlar əlində "Qadın, həyat, azadlıq" yazılmış lövhə ilə çəkilmiş fotosunu sosial mediada yayımlayan Təranə Əlidostinin həbsinə etiraz etmək üçün Tehranın Evin həbsxanasının qarşısına toplaşıb.

Dövlət mediasının şənbə günü bildirdiyinə görə, İran hökuməti ölkənin ən məşhur aktrisalarından birini ölkəni bürüyən ümummilli etirazlar haqqında yalan məlumat yaymaqda ittiham edərək həbs edib.

İRNA xəbər agentliyinin məlumatına görə, Oskar mükafatına layıq görülmüş "Satıcı" filminin ulduzu Taranə Əlidosti İnstaqram səhifəsində ölkə boyu keçirilən etirazlar zamanı törətdiyi cinayətlər iddiası ilə bu yaxınlarda edam edilən şəxslə həmrəylik ifadə edən paylaşımdan bir həftə sonra saxlanılıb.

İRNA daha bir neçə iranlı məşhurun "təxribat məzmunlu dərclərinə görə ədliyyə orqanına çağırıldığını" bildirib. Agentlik onların neçə nəfər olduğu və ya əlavə təfərrüatlar haqda məlumat verməyib.

Dövlət mediasının rəsmi Telegram kanalında yayımlanan xəbərə görə, Əlidosti "iddialara uyğun heç bir sənəd təqdim etmədiyi üçün" həbs edilib.

''Onun adı Möhsün Şəkəri idi. Bu qan tökülməsini seyr edən və tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlıq üçün biabırçılıqdır," 38 yaşlı aktrisa paylaşımında qeyd edib.

Möhsün Şəkəri dekabrın 9-da İran məhkəməsi tərəfindən Tehranda küçəni bağlamaq və ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşına hücum etməkdə ittiham olunduqdan sonra edam edilib.

Keçən həftə İran etirazlarla əlaqədar ikinci məhbus Məcidrza Rəhnavardı edam edib. Rəhnavardın cəsədi başqalarına dəhşətli xəbərdarlıq olaraq tikinti kranından asılmış vəziyyətdə qalıb. İran hökuməti Rəhnavardın hərbiləşdirilmiş qüvvələrinin iki üzvünü bıçaqladığını iddia edib.

XS
SM
MD
LG