Accessibility links

Netanyahu: İsrail İranın hücumuna necə cavab verəcəyini özü qərar verəcək


İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib ki, Qərb ölkələri Yaxın Şərqdə hərtərəfli müharibədən qaçmaq üçün təmkinli olmağı xahiş etsələr də, İsrail keçən həftə sonu İranın raket və pilotsuz təyyarə hücumlarına necə cavab verəcəyinə özü qərar verəcək.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və “Böyük yeddilik” ölkələri İrana qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıblar. Bu, İsraili dəstəkləmək və eyni zamanda onu Tehrana qarşı cavab tədbirləri almaq niyyətini cilovlamağa inandırmaq məqsədi daşıyır.

Netanyahu İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsi ilə yanaşı, İsrail-İran qarşıdurmasının daha da genişlənməsinin qarşısını almaq üçün Qərbin cəhdinin bir hissəsi olaraq İsrailə səfər edən Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron və onun alman həmkarı Annalena Baerbok ilə görüşüb.

Netanyahunun ofisi bildirib ki, o, Kameron və Baerboka verdikləri dəstəyə görə təşəkkür edib və onlara “Fikrimizi aydın şəkildə ifadə etmək istəyirəm ki, biz öz qərarlarımızı özümüz verəcəyik və İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək” deyib.

İranın İsrailə "genişmiqyası və sərt cavab verəcəyini" bildirib

İran prezidenti İbrahim Rəisi çərşənbə günü İsrailin İranın yəhudi dövlətinə misli görünməmiş hava hücumuna görə qisas alması ilə bağlı xəbərdarlığına cavab olaraq, İranın buna "genişmiqyası və sərt cavab verəcəyini" bildirib.

Rəisi bunu İsrailin müdafiə nazirinin İranın təhdidlərinin İsrailə mane olmayacağını deməsindən bir gün sonra Tehranın yaxınlığında keçirilən illik hərbi parad zamanı deyib.

Diplomatlar çərşənbə günü vəziyyətin deeskalasiyası səylərini davam edib.

Britaniyanın xarici işlər naziri David Kameron Qüdsə səfəri zamanı deyib ki, İsrailin hərəkətə keçmək qərarına gəldiyi aydındır, lakin Britaniya İsrailin bunu "vəziyyəti mümkün qədər az gərginləşdirəcək şəkildə" edəcəyinə ümid edir.

"Böyük Yeddilər"in (G7) aparıcı sənaye ölkələrindən olan həmkarları İtaliyada danışıqlara hazırlaşarkən, İsrailin xarici işlər naziri İsrael Katzla görüşən Kameron İrana qarşı koordinasiyalı sanksiyaların qüvvəyə minməsini dəstəklədiyini bildirib.

Kameron "Düşünürəm ki, regionda HƏMAS-ın, Hizbullahın və husilərin bədxah fəaliyyətini dəstəkləyən İrana qarşı birlik olduğumuzu göstərmək üçün biz daha çox şey edə bilərik. G7 onlara aydın və birmənalı mesaj verməlidir" deyib.

Çərşənbə axşamı İsrail Müdafiə Nazirliyi müdafiə naziri Yoav Qallantın dediklərini bir daha təkrar edib: "İranlılar hücumda uğursuz oldu və İsrailin qarşısını ala bilməyəcəklər".

ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İranın İsrailə ilk dəfə İran ərazisindən etdiyi hücumda 110-dan çox ballistik raket, 30 qanadlı raket və 150-dən çox bir istiqamətli partlayıcı pilotsuz uçuş aparatı iştirak edib. Onlar İranın İraq, Suriya və Yəməndəki tərəfdaş qüvvələrinin də hücumda iştirak etdiyini bildirib.

İran rəsmiləri İsrailin cavabını nəzərdən keçirərkən ona bir sıra şifahi xəbərdarlıqlar edərək, Tehranın İsrailin İslam respublikasının maraqlarına zərbə vuran hərəkətlərinə tez və sərt cavab verəcəyini vəd edib.

İran bazar günü həyata keçirilən hava hücumunu İsrailin Tehranın aprelin 1-də Dəməşqdə yüksək rütbəli İran komandirlərinin ölümünə səbəb olan hava hücumuna cavab olaraq həyata keçirilən birdəfəlik hadisə adlandırıb. İsrail bu hücuma görə məsuliyyəti nə təsdiq, nə də təkzib edib.

Müdafiə Nazirliyinin verdiyi açıqlamasında Qallant "İranlılar İsrailə qarşı yeni çəkindirmə statusu yarada bilməyəcəklər" deyib.

"[İsrail] təyyarələri hər yerdə işləyir. Yaxın Şərqin səması "açıqdır" və bizimlə döyüşən hər hansı düşmən, harada olmasından asılı olmayaraq, vurulacaq” - deyə, o əlavə edib.

Qallantın da daxil olduğu İsrailin Müharibə Nazirləri kabineti son günlər İsrailin cavab variantlarını müzakirə etmək üçün dəfələrlə yığıncaq keçirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı keçirdiyi brifinqdə deyib ki, dövlət katibi Antoni Blinken regional həmkarları ilə məsləhətləşmələr zamanı ABŞ İran-İsrail münaqişəsinin daha da gərginləşməsini görmək istəmədiyini bildirib.

Britaniya mediasının məlumatına görə, baş nazir Rişi Sunak çərşənbə axşamı telefon danışığı zamanı israilli həmkarı Benyamin Netanyahuya oxşar mesaj verib. Media Downing Street-də edilən çağırışın istinad edib. Orada Sunak "əhəmiyyətli eskalasiya heç kimin marağında deyil və yalnız Yaxın Şərqdə qeyri-stabilliyi dərinləşdirəcək" deyib.

Forum

XS
SM
MD
LG