Accessibility links

Duqlas Silliman: ABŞ İranın İraqdakı rolundan narahatdır


İraqın İŞİD-ə qarşı 3 illik müharibəsi başa çatdlqdan sonra ABŞ İranın təsirinin azalmasına və İraqın mərkəzi hökumətinin kürd regionu ilə mübahisələrinin aradan qaldırılmasına çalışır. Bunu Amerikanın İraqdakı səfiri bildirib.

Duqlas Silliman 2016-cı ilin sentyabrında, Mosulun İŞİD-dən geri alınması əməliyyatlarından bir neçə həftə əvvəl bu vəzifəyə başlayıb.

İran qonşularının suverenliyinə hörmət göstərmir

Ərazilərin təmizlənməsi və ekstremizlə müharibənin başa çatdığı elan edildiyi bir vaxt Vaşinqton diqqətini sülhə və yenidənqurma işlərinə yönəldib.

Səfir deyib ki, İranın rolu Amerika üçün problemdir.

"İran qonşularının suverenliyinə hörmət göstərmir. Bu ölkə İŞİD-lə mübarizəyə yardım göstərib. Lakin mən İranın humanitar yardımlar üçün nə vəsait ayırdığını, nə də BMT-nin stabilizasiya proqramına yardım etdiyini görmüşəm", Duqlas Silliman bildirib.

İran 2003-cü ildə Səddam Hüsynin devrilməsindən sonra ölkənin şiə çoxluğunun güclənməsinə yardım etməyə başlayıb.

2014-cü ildə İŞİD-in İraqın şimal və mərkəzi bölgələrini ələ keçirməsindən sonra İran əsasən şiələrdən ibarət Populyar Mobilizasiya Qüvvələrinə dəstək verib. On minlərlə döyüşçüsü olan bu qüvvələrin nüfuzu İŞİD-in məğlubiyyəti ilə daha da artıb.

Tramp administrasiyası yarı-hərbi bu qüvvələrin buraxılmasını tələb edir. Bundan əlavə administrasiya İrana qarşı mövqeyini gücləndirəcəyinə vəd verərək, 2015-ci il nüvə sazişindən çıxacağı ilə hədələyib.

İraqa isə müharibədən sonra yenidənqurma işlərinə xarici dəstək lazımdır. Belə ki, müharibənin vurduğu ziyan 100 milyard dollarla ölçülür.

Tramp administrasiyası artıq İŞİD-ə qarşı hərbi kampaniyaya ayrılan 14.3 milyard dollarlıq vəsaitin yenidənqurma işləri üçün xərclənməyəcəyini bildirib. Beynəlxalq yardım təşkilatı gözlərini zəngin körfəz ölkələrinə dikib.

Duqlas Silliman deyib ki, iqtisadi və sosial baxımdan böyük itkilər verən İraqın İran da daxil edilməklə, qonşuları ilə pozitiv əlaqələrə ehtiyacı var.

Səfir ABŞ-ın İraqın Səudiyyə Ərəbistanı və İordaniya ilə son əlaqələrini alğqışalayaraq, müttəfiqlərin İraqın irəliyə doğru irəliləməsində daha böyük rol oynayacaqlarına inandığını bildirib.

XS
SM
MD
LG