İraqın ABŞ-dakı səfiri Luqman Feyli Əl-Qaidə yaraqlılarının Fəllücədə dövlət binaları üzərində öz bayraqlarını qaldırmasından bir neçə gün sonra ölkəsinin yardım üçün Rusiyaya üz tutduğunu bildirib.
Amerikanın Səsinin fars redaksiyasına müsahibə verən səfir terrorçuların Fəllucədə və Ənbər vilayətinin başqa hissələrində nəzarəti ələ almasından sonra İraq hökumətinin yeni reallıqla qarşılaşdığını deyib. O, İraq hökumətinin ABŞ-ın əks-terror işində dəstəyinə yüksək qiymət verdiyini, lakin eyni zamanda hərbi təchizat almaq üçün Rusiyaya müraciət etdiyini deyib. “Bizim yalnız bir tərəfdaşla işləmək kimi bir vəzifəmiz yoxdur. İstər iranlılar olsun, istər amerikalılar, istərsə də ruslar, ya da fransızlar”-deyə səfir müsahibə zamanı bildirib.
Ağ Ev İraqa hərbi yardım göndərilməsinə çağırıb, lakin ABŞ qanunvericiləri aylardır Apaçi vertolyotlarının çatdırılması üçün layihənin qəbul edilməsini gecikdirir. Qanunvericilər hərbi vertolyotlardan siyasi baxımdan bölünmüş ölkədə mülki vətəndaşlara qarşı istifadə edilməyəcəyinə dair qarantiyalar istəyir. Onlar eyni zamanda, Baş nazir Nuri Əl-Məlikinin İranın İraqın hava hövzəsindən istifadə edərək, Suriyaya hərbi yardım çatdırmasına icazə verməməsini istəyir.