Accessibility links

İlahiyyatçı işgəncəyə məruz qalmadığını bildirib


"Şükür Allaha, yaxşıyam, hər şey normaldır. Narahatlığa əsas yoxdur". Həbsdəki ilahiyyatçı Tale Bagırzadə avqustun 6-da həyat yoldaşı Leyla İsmayılzadəyə telefonla belə deyib. Xanımı ilahiyyatçının Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qalması barədə yayılmış məlumatlardan narahat olduğunu bildirib.

"Bizi dünən Penitensiar Xidmətdə rəsmilərdən Oqtay Məmmədov qəbul etdi. Bizə söz verdilər ki, sabah (bu gün) həbsxanada Tale Bagırzadə ilə görüşə biləcəyik. Həm də o, bizə zəng edəcək", deyən L.İsmayılzadə ötən gün həyat yoldaşının evə telefon açdığını bildirib.

"Durumunun yaxşı olduğunu dedi. Ona işgəncə verilməsi ilə bağlı yayılan məlumatlardan narahat oldu. İnsanları narahat edən yalan məlumatların yayılmasını doğru saymadığını söylədi".

Xanımı bu gün T.Bağırzadə ilə görüşməyib. "Görüşə getməyimi özü istəmədi. Bu günlərdə öz otağına köçürüləcək. Bizə xəbər edəcək, gərəkli əşyaları alıb, sonra görüşə gedəcəyik",o bildirib.

İlhaiyyatçının vəkili Yalçın İmanov da onunla hələlik görüşə bilməyib. Vəkil Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb, amma hələ də görüş üçün gərəkli prosedurlar tam icra edilməyib.

"Oradan bildirdilər ki, mənim görüşlə bağlı məktubum çoxdan onlardadır. Mənə cavab göndərdiklərini də bildirdilər, ancaq cavabı almamışam. Qobustan həbsxanası ilə əlaqə saxladım. Məktub onlara da çatmayıb. Bu, o deməkdir ki, hələlik görüşə bilməyəcəyəm", deyən vəkil gün boyunca müvəkkili ilə görüşmək üçün əlaqəli qurumlarla əlaqə yaradacağını bildirib.

Y.İmanov ilahiyyatçıya işgəncə verilməsi barədə bilgisiz olduğunu deyib. O, eyni zamanda qızmar günlərdə məhbusun cərimə kamerasına (kars) salınmasının elə işgəncə olduğunu bildirib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin Qobustandakı qapalı həbsxanaya göndərildikdən sonra ötən həftənin sonu işgəncəyə məruz qaldığı bildirilirdi. Bu haqda ilahiyyatçının yaxınları məlumat vermişdilər.

XS
SM
MD
LG