Accessibility links

İsmayıllı şəhəri üzrə nümayəndə rüşvət almaqda şübhəli sayılır


İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri üzrə nümayəndəsi rüşvət almaqda şübhəli sayılır.

Bu barədə bu gün aprelin 27-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir.

Açıqlamaya görə, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməliyyat-axtarış tədbirləri həyata keçirib.

İddiaya görə, rayonda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verildiyinə dair şübhə yaranıb. Habelə, aztəminatlı ailələr üçün dövlətin ayırdığı ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr də müəyyən edilib.

Açıqlamaya görə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilib:

“Müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları... aşkar edilərək götürülüb”.

Açıqlamada yazılıb ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

Amma bu açıqlamaya, hələlik, Məhərrəm Əhmədov və onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG