Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrailin bazar ertəsi səhər saatlarında Qəzza zolağında həyata keçirdiyi hava hücumları zamanı 16 nəfər ölüb. İsrail Müdafiə Qüvvələri isə Livanın cənubunda Hizbullahın 20 ədəd raket qurğusunu və hərbi infrastruktur obyektlərini məhv etdiyini bildirib.
Qəzzanın mərkəzindəki Nuseyrət qaçqın düşərgəsindəki bir evə endirilən hava zərbələri nəticəsində azı 10 nəfər ölüb, 13 nəfər yaralanıb. HƏMAS-ın idarə etdiyi hökumətin nəzdində fəaliyyət göstərən xilasedicilərin Associated Press xəbər agentliyinə verdiyi məlumata görə, Qəzza şəhərindəki evə havadan hücum zamanı 6 nəfər ölüb.
Ölənlər arasında dörd qadın və iki uşaq var.
Bu arada, İsrail hərbçiləri bildiriblər ki, Yuxarı Qaliley bölgəsində sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə keçən və Qolan təpələrinin şimalındakı əraziyə düşən iki şübhəli hava hədəfi müəyyən edilib.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Carmaq bölgəsində Hizbullahın 20-yə yaxın raket qurğusuna və İsrailin mülki əhalisinə təhlükə yaradan hərbi infrastruktur obyektlərinə zərbələr endirib.
Bazar günü səhər saatlarında İsrail ordusu Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və ilhaq edilmiş Qolan Təpələri istiqamətində 40-a yaxın mərmi atıldığını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü deyib ki, on minlərlə insanın didərgin düşdüyü İsrail-Livan sərhədində mövcud vəziyyət sabit deyil.
Netanyahu "Mövcud vəziyyət belə davam etməyəcək. Sakinlərimizin sağ-salamat evlərinə qayıtması üçün lazım olan hər şeyi edəcəyik" - o bildirib.
Həmçinin bazar günü İsrail polisi "terror hücumu" adlandırdığı hücum zamanı Qüdsün Köhnə Şəhərinə girişində sərhədçini bıçaqlayan şəxsi güllələyərək, öldürüb.
"Sərhədçilər terrorçunu ələ keçirib, onu zərərsizləşdirib, hücumu tez və peşəkar şəkildə başa çatdırıb" - deyə, polis bildirib.
Polis zabitin təxliyə edildiyini və aldığı xəsarətlərdən müalicə olunduğunu bildirib.
Forum