Accessibility links

İsrail və HƏMAS qarşıdurması dünyada antisemitizm təhlükəsini artırıb


İsrail və HƏMAS arasında qarşıdurma davam etdikcə, dünya boyu bir çox yəhudiyə qarşı antisemitizm təhlükəsi artır. Yaxın Şərqdə hər hansı qarşıdurma baş verən zaman Nyu-Yorkdan tutmuş Londona, Seint-Luisdən tutmuş Sidneyə qədər yəhudi icmaları nifrət və fanatizmlə mübarizə aparmalı olur.

"Bu, sadəcə olaraq kədərli bir faktdır ki, İsrail və fələstinlilər arasında münaqişə yarandıqda, dünyanın bütün yerlərində yaşayan yəhudilər müəyyən dərəcədə nifrət zəminində zorakılığa məruz qalır" - deyə, "Nifrət və Ekstremizmə Qarşı Qlobal Layihə"nin həmtəsisçisi Haydi Beyrix bildirir.

Şənbə günü HƏMAS militantlarının gözlənilməz hücumu nəticəsində azı 1000 israillinin həlak olması, 2000-dən çox insan yaralanması və 150-yə yaxın insanın girov götürülməsi ilə İsrail qanlı kabusa sürüklənib.

Ekstremizm üzrə tanınmış tədqiqatçı və San-Bernardinodakı Kaliforniya Dövlət Universitetinin fəxri professoru Brayan Levinin dediyinə görə, bu, “Holokostdan sonra yəhudilərin ən dəhşətli birgünlük qətliamı" olub.

ABŞ prezidenti Co Bayden hücumun "sırf şər hərəkəti” olduğunu deyib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzadakı hədəflərə cavab hava hücumları eyni dərəcədə ölümcül olub və azı 1100 fələstinli həyatını itirib, 5000-dən çox insan yaralanıb.

HƏMAS-ın qəddarcasına etdiyi hücum İsrailə rəğbəti artırsa da, yəhudilərə qarşı Onlayn təhdidlərin artmasına, yəhudi institutlarının qorxudulmasına və antisemit simvolların nümayişinə səbəb olub.

ABŞ-dakı ən qədim yəhudi vətəndaş hüquqları qrupu olan "Anti-Defamation League"ə militantların və ağdərili supremaksistlətin üstünlük təşkil etdiyi Telegram platformasında yəhudilərə qarşı təhdidlər şənbə gününün ilk 18 saatında 488% artıb.

Oflayn rejimdə isə antisemitizm hadisələri ilə bağlı sporadik hesabatlar var. Yuta ştatının Solt Leyk Siti şəhərində sinaqoq bomba təhlükəsi ilə bağlı xəbərdarlıq aldıqdan sonra təxliyə edilmək məcburiyyətində qalıb. Polis ştatda bir sıra sinaqoqlara qarşı təhdidləri araşdırır.

Missuri ştatının Seint-Luis şəhərində yük maşınının kənarına sprey boya ilə svastika çəkilib. Polis bunun antisemitik vandalizm aktı kimi araşdırıldığını bildirib.

Londonun Qolders Qrin hissəsində koşer restoranı vandalizmə məruz qalıb. Şəhərin meri Sadiq Xan "Nifrətə dözümlülük olmayacaq" deyib.

Community Security Trust-ın bildirdiyinə görə, münaqişənin ilk dörd günü ərzində Birləşmiş Krallıqda anti-semit hadisələrin sayı 300%-dən çox artıb.

Nyu Yorkda bazar günü HƏMAS tərəfdarı mitininqdə iştirak edən bir etirazçının əlində svastika olub və bu, şəhərin meri Erik Adamsın etiraz aksiyasını pisləməsinə səbəb olub.

Sidneydə Avstraliya Yəhudi Assosiasiyası tərəfindən yayılan təsdiqlənməmiş videoda Sidney Opera Evi qarşısında bir qrup etirazçının "Yəhudilərə qaz ver" qışqırdığı görünür. Polis hadisə ilə bağlı araşdırma aparır.

"Amerika Yəhudi Komitəsi" Nyu York, Vaşinqton, Filadelfiya, San-Fransisko və Çikaqo da daxil olmaqla, ABŞ-ın bir sıra şəhərlərində onlarla HƏMAS tərəfdarı etiraz aksiyasını qeydə aldığını bildirib.

Forum

XS
SM
MD
LG