Boliviya çərşənbə axşamı Qəzza zolağına hücumlarına görə İsraillə diplomatik əlaqələri kəsdiyini bildirib. Qonşuları Kolumbiya və Çili isə məsləhətləşmələr üçün Yaxın Şərq ölkəsindəki səfirlərini geri çağırıb.
Bu üç Cənubi Amerika ölkəsi İsrailin Qəzzaya hücumlarını və Fələstin vətəndaşlarının öldürülməsini pisləyib.
Xarici işlər nazirinin müavini Freddi Mamani mətbuat konfransında "Boliviya İsrailin Qəzza zolağında baş verən təcavüzü və qeyri-mütənasib hərbi hücumun qəbuledilməz hesab edir və qınayır. Buna görə də İsrail dövləti ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib" deyib.
Hər üç ölkə atəşkəsə çağırıb. Boliviya və Çili humanitar yardımın zonaya keçməsini tələb edib və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib.
Kolumbiya prezidenti Qustavo Petro əvvəllər Twitter kimi tanınan X sosial media şəbəkəsində İsrailin hücumlarını "Fələstin xalqının qətliamı" adlandırıb.
İsrail Xarici İşlər Nazirliyi Boliviyanın diplomatik əlaqələrini kəsmək qərarının terrorizmə təslim olmaq olduğunu deyib.
Meksika və Braziliya kimi digər Latın Amerikası ölkələri də atəşkəsə çağırıb.
"İndiki vəziyyət belədir ki, İsrailin baş naziri öz sərsəmliyi ilə Qəzza zolağını yer üzündən silmək istəyir" - deyə, Braziliya prezidenti Luiz İnacio Lula da Silva cümə günü bildirib.
Boliviya İsrailin Fələstinin HƏMAS militantlarının oktyabrın 7-də ölkənin cənubuna hücumuna cavab olaraq Qəzzada apardığı müharibəyə görə İsraillə diplomatik əlaqələri aktiv şəkildə kəsən ilk ölkələr sırasındadır.
Boliviya 2009-cu ildə solçu prezident Evo Moralesin hökuməti dövründə də İsrailin Qəzzadakı hərəkətlərinə etiraz olaraq, bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi.
Forum