Accessibility links

İsrail ordusu Hizbullahın mövqelərinə zərbələr endirib


İsrail ordusu cümə axşamı Hizbullahın Livanın cənubundakı yeddi obyektinə zərbələr endirdiyini, eyni zamanda İsrail rəsmilərinə qarşı İranın dəstəklədiyi sui-qəsd planında əli olmaqda şübhəli bilinən İsrail vətəndaşının həbs edildiyini bəyan edib.

İsrail rəsmiləri verdiyi açıqlamada həbs edilən şəxsin İranda azı iki görüşdə iştirak edən, Türkiyədə əlaqələri olan bir iş adamı olduğunu və sui-qəsdin potensial hədəflərinin baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant olduğunu bildirib.

Açıqlamada bildirilib ki, həmin şəxs keçən ay həbs edilib.

Hərbçilər həmçinin cümə axşamı İsrailin zərbələrindən əlavə Livandan İsrail ərazisinə bir neçə pilotsuz təyyarənin keçdiyini də bəyan edib.

Son transsərhəd hücumlar çərşənbə axşamı və çərşənbə günləri Livanda Hizbullah tərəfindən istifadə edilən, nəticədə azı 32 nəfərin ölümünə, 3000-dən çox insanın yaralanmasına səbəb olan peycerlərin partlayışlarından sonra baş verib.

Hizbullah hücumlarda İsraili günahlandırsa da, İsrail bu məsələdə əli olduğunu nə təsdiq, nə də təkzib edib.

Peycer və telsiz rabitə vasitələrinin partlayışları İsrailin şimalını Hizbullahın raket hücumlarından qorumaq da daxil olmaqla, Qəzzadakı HƏMAS militantlarına qarşı müharibədəki hədəflərini genişləndirəcəyini elan etməsindən sonra baş verib.

Lakin bəzi keçmiş kəşfiyyat rəsmiləri Hizbullah peycerlərinin, ikitərəfli radioların və digər cihazların partladılmasının İsrailin məqsədlərinə döyüşmədən çatmaq cəhdinin bir hissəsi ola biləcəyini iddia edir.

Müdafiə naziri Yoav Qallant cümə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Austinlə telefonla bölgədəki vəziyyət, o cümlədən "İsrailin Hizbullah təhdidlərinə qarşı müdafiəsi" barədə danışdığını bildirib.

Pentaqonun bildirdiyinə görə, Austin İran, Hizbullah və regiondakı digər İran tərəfdaşlarının təhdidləri qarşısında "ABŞ-ın İsrailə sarsılmaz dəstəyini" bir daha təkrarlayıb.

Pentaqonun sözçüsü "Nazir ABŞ-ın regional düşmənlərin qarşısını almaq və regionda gərginliyi azaltmaq üçün səylər göstərmək öhdəliyini vurğulayıb" deyib.

Forum

XS
SM
MD
LG