Accessibility links

İsrail üçüncü gündür İordan çayının qərb sahilinə havadan zərbələr endirir


İsrailin işğal altındakı İordan çayının qərb sahilinə genişmiqyaslı hərbi əməliyyatı üçüncü gündür davam edir. Hər iki tərəf cümə günü hava hücumu zamanı azı 16 fələstinlinin öldüyünü bildirib.

Bu arada BMT-nin yüksək səviyyəli yardım rəsmisi Qəzzada müharibənin davam etdiyi və humanitar əməliyyatların çatdırılmasının çətin olduğu bir vaxt "bizim insanlığımıza nə oldu" sualını verib.

Birləşmiş Millətlər Təşkilatı İsrailin çərşənbə günü səhər saatlarında İordan çayının qərb sahilində başlatdığı hərbi əməliyyatın ərazidə "onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdiyi" barədə xəbərdarlıq edib və İsraildən hücumları dayandırmağa çağırıb.

ABŞ-da vitse-prezident Kamala Harris noyabr ayında prezident seçiləcəyi təqdirdə Vaşinqtonun İsrailə silah tədarük etmək siyasətini dəyişməyəcəyinə söz verib. Lakin o, "bu müharibəyə son qoymağın" vaxtının çatdığını vurğulayıb.

İsrail İordan çayının qərb sahilinin şimalındakı qəsəbələrə və qaçqın düşərgələrinə reydlərini "terrorla mübarizə" əməliyyatları kimi xarakterizə edib.

İsrail qüvvələri çərşənbə günündən bəri həyata keçirdiyi reydlər zamanı azı 16 fələstinlini öldürüb. Fələstinlilərin Səhiyyə Nazirliyi bu rəqəmi təsdiqləyib.

Ordunun bildirdiyinə görə, onlara məxsus təyyarələrdən biri cümə günü səhər tezdən Cenin şəhəri yaxınlığında "terror hücrəsini vurub". Əlavə təfərrüatlar açıqlanmayıb.

İsrail əsgərləri cümə axşamı gecə saatlarında İordan çayının qərb sahilinin digər şəhərlərindən geri çəkilsələr də, döyüşlər uzun müddətdir ki, militantların fəaliyyətinin mərkəzi olan Cenin şəhəri ətrafında davam edir.

Qəzzada isə İsrail ordusu cümə axşamı bildirib ki, qurudan və havadan zərbələr zamanı onlarla militantı məhv edib.

HƏMAS-ın idarə etdiyi ərazidəki mülki müdafiə agentliyi cümə günü İsrailin Cəbəliyyə qaçqın düşərgəsini atəşə tutması nəticəsində iki nəfərin öldüyünü bildirib.

France Press xəbər agentliyinin İsrailin rəsmi rəqəmlərinə əsaslanaraq verdiyi məlumata görə, HƏMAS-ın oktyabrın 7-də etdiyi hücum zamanı əksəriyyəti mülki şəxslər olmaqla, 1199 nəfər ölüb.

Fələstinli militantlar həmçinin 251 nəfəri girov götürüb, onlardan 103-ü Qəzzada hələ də əsirdir. İsrail hərbçilərinin verdiyi məlumata görə, onlardan 33-ü ölüdür.

Bölgənin səhiyyə nazirliyi İsrailin cavab olaraq başlatdığı hərbi kampaniyasının Qəzzada azı 40,602 nəfərin ölümünə səbəb olduğunu, BMT-nin insan haqları ofisi isə ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.

Forum

XS
SM
MD
LG