Accessibility links

İsrail Livana havadan zərbələr endirib


İsrail çərşənbə günü bildirdiyinə görə, Hizbullahın Livanın cənubundakı silah obyektlərinə hava zərbələri endirib və Livandan İsrailə atılan bir neçə raketin qarşısını alıb.

İsrail hərbçiləri həmçinin Qəzzanın cənubundakı Xan Yunis bölgəsinə yeni hava zərbələri endirdiyini, eləcə də həmin ərazidə və Qəzzanın şimalında qurudan əməliyyatlar həyata keçirdiyini bildirib.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi çərşənbə günü İsrailin əməliyyatları zamanı azı 76 nəfərin öldüyünü bəyan edib. Verilən məlumata əsasən, müharibə başlayandan, oktyabrdan bəri azı 29 954 nəfər ölüb, 70 325 nəfər yaralanıb.

Çərşənbə axşamı İsrail, HƏMAS və Qətər vasitəçiləri ABŞ prezidenti Co Baydenin İsrailin HƏMAS militantları ilə beş aylıq müharibəsində atəşkəs və girovların azad edilməsinə dair yeni razılaşmanın tezliklə əldə oluna biləcəyi fikrini qəbul etməyib.

HƏMAS İsrailin keçən həftə Parisdə vasitəçilərlə danışıqlar zamanı müsəlmanların Ramazan ayında döyüşləri 40 gün müddətinə dayandırması ilə bağlı təklifini nəzərdən keçirir.

Hər iki tərəfin nümayəndə heyəti bu həftə Qətərdə təfərrüatları işləməyə çalışır. Lakin Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ansari "Razılaşmaya mane olan məsələlərin heç birində yekun razılıq yoxdur. Biz hansısa razılığa gələ biləcəyimizə ümid edirik" deyib.

HƏMAS rəsmilərindən birinin Reuters xəbər agentliyinə bildirdiyinə görə, "Hələ də aradan qaldırılmalı olan böyük boşluqlar var. Atəşkəs və İsrail qüvvələrinin geri çəkilməsi ilə bağlı əsas və vacib məsələlər aydın şəkildə göstərilməyib ki, bu da razılığın əldə olunmasını gecikdirir".

İsrail Baydenin atəşkəslə bağlı nikbinliyini birbaşa şərh etməsə də, hökumət sözçüsü Tal Heynrix deyib ki, hər hansı razılaşma olursa olsun, HƏMAS qeyri-adi tələblərindən əl çəkməli olacaq.

O, "Biz buna razıyıq. Ancaq HƏMAS-ın buna razı olub-olmaması sual altındadır" deyib.

Bayden bazar ertəsi jurnalistlərə deyib ki, o, atəşkəsin martın 4-dək olacağına ümid edir. O, həmçinin NBC televiziya kanalının gecə şousunda komediyaçı Set Meyersə "Ramazan yaxınlaşır [10 mart] və israillilərlə Ramazan ayında hərbi əməliyyatlarda iştirak etməmələri ilə bağlı, o cümlədən bütün [100-ə yaxın] girovları azad etmək üçün vaxt verilməsi ilə bağlı razılığa gəlinib" deyib.

Danışıqlara yaxın mənbənin dediyinə görə, Paris təklifi HƏMAS-ın girovların hamısını deyil, bir qismini azad etməsi müqabilində İsraildə həbsdə olan yüzlərlə fələstinlinin azad edilməsi, Qəzzada aclıq çəkən fələstinlilərə humanitar yardımın artırılması və İsrailin qoşunları Aralıq dənizi sahili boyunca yerləşən anklavdan çıxarmasını nəzərdə tutur.

Lakin belə görünür razılıq HƏMAS-ın müharibəyə daimi son qoyulması və İsrail qoşunlarının tamamilə çıxarılması ilə bağlı əsas tələbini əhatə etmir. Bu, girovlar arasında döyüş yaşında olan israilli kişilərin də taleyini həll etmir.

İsrailin baş naziri Benyamin Netanyahu son günlərdə bildirib ki, müvəqqəti atəşkəs İsrailin HƏMAS-ı məhv etmək məqsədinə çatmaq üçün cənubdakı Rəfah şəhərində hücum həyata keçirmək planını dəyişməyəcək.

Forum

XS
SM
MD
LG