Accessibility links

İsrailli məskunlar İordan çayının qərb sahilindəki kəndə hücum edib, bir fələstinlinin öldüyü bildirilib


Rəsmilərin bildirdiyinə görə, bəziləri maskada olan onlarla israilli məskun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin Qalkilya şəhəri yaxınlığındakı kəndinə hücum edərək, avtomobilləri yandırıb. Azı bir nəfəri qətlə yetirilib.

Fələstinlilərin səhiyyə nazirliyi İordan çayının qərb sahilində zor gücü ilə yerləşən israilli məskunların silsilə hücumlarının sonuncusunun Cit kəndinə olduğunu və insident zamanı açılan atəş nəticəsində bir fələstinlinin öldüyünü, digərinin isə ağır yaralandığını bildirib.

Sosial mediada paylaşılan görüntülərdə hücumlardan sonra avtomobillərin və evlərin yandığını görmək mümkün olub.

Ağ Ev məskunların İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə hücumlarını qəbuledilməz adlandırıb və dayandırılmalı olduğunu bildirib.

"İsrail hakimiyyəti bütün icmaları zərərdən qorumaq üçün tədbirlər görməlidir. Buna bu cür zorakılıqları dayandırmaq üçün müdaxilə etmək və bu cür zorakılıqlarlarda iştirak edənləri məsuliyyətə cəlb etmək daxildir", deyə, Ağ Evin sözçüsü cümə axşamı gecə saatlarında bildirib.

İsrail ordusu bildirib ki, polis və ordu hissələri müdaxilə edərək, bir israillini həbs edib. Ordu hadisəni pisləyib və bunun təhlükəsizlik qüvvələrini digər məsuliyyətlərdən yayındırdığını deyib.

Hərbçilər fələstinlinin ölümü ilə bağlı araşdırma aparıldığını bildirib.

Baş nazir Benyamin Netanyahunun ofisi bəyanat yayaraq, hadisəyə "son dərəcə ciddi" yanaşdığını bəyan edib.

"Hər hansı bir cinayətə görə məsuliyyət daşıyanlar həbs ediləcək və mühakimə olunacaq" - deyə, məlumatda bildirilib.

Fələstinlilər mütəmadi olaraq, İsrail təhlükəsizlik qüvvələrini hiddətli məskunların onların evlərinə və kəndlərinə hücum etməsinə imkan verməkdə günahlandırır və bu hadisələr beynəlxalq səviyyədə narahatlığın artmasına səbəb olur.

ABŞ və bir sıra Avropa ölkələri zorakılıqlar törədən israillilərə qarşı sanksiyalar tətbiq edib və dəfələrlə İsraili hücumların qarşısını almaq üçün daha çox iş görməyə çağırıb.

Forum

XS
SM
MD
LG