İsrailin təhlükəsizlik xidməti bazar günü fələstinli qadın qanunvericini saxlayıb. Onun təhlükəsizliyi pozduğu bildirilir.
Şin Ben daxli təhlükəsizlik xidməti Xalidə Carrarın İordan çayının Qərb sahilindəki Ramallah şəhərində “terror fəaliyyətlərini təşviq etdiyinə görə” saxlandığını bildirib. Carrarın saxlanmasının detalları ilə bağlı bundan əlavə məlumat verilməyib.
55 yaşlı Xalidə Carrar fələstinlilər arasında tanınmış qanunvericidir. O, İsrail əleyhinə çıxışları ilə tanınır. İsrail onu 2015-ci ildə zorakılıqlara təşviq etmək ittihamı ilə 15 ay müddətinə həbsə məhkum etmişdi.
Onun həyat yoldaşı Həsən Carrar təhlükəsizlik xidmətinin bazar günü reydi zamanı kompyuterlərin müsadirə edildiyini bildirib.
Xalidə Carrar Fələstin Azadlıq Təşkilatının Xalq Cəbhəsinin yüksək səviyyəli üzvlərindən biridir. Sol meylli bu qrup İsraillə sülhün əleyhinədir. 1970-ci illərdə qrup təyyarə qaçırmaq və bir sıra hücumlarda iştirak etmişdi. Lakin son illərdə onun militant fəaliyyətlərdə iştirakını azaltdığı müşahidə edilir.