Accessibility links

İstanbulda izdihamlı kütlə Ərdoğanın təqiblərinə etiraz bildirdi


On minlərlə insandan ibarət izdihamlı kütlə İstanbulda keçirilən yürüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən il dövlət çevrilişinə cəhddən sonra hökumətin tənqidçilərinə qarşı təqib kampaniyasına etirazını bildirib.

Türkiyənin aparıcı müxalifət partiyalarından biri olan Cumhuriyyət Xalq partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlunun Ankaradan İstanbula 450 kilometrlik yürüşünə dəstək məqsədilə toplaşmış insanlar “Hüquqlar, Qanun, Ədalət” şüarı bağırıb.

Bu, son illər Ərdoğana qarşı keçirilən ən böyük etiraz aksiyasıdır. Ərdoğan hökuməti keçən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra 100 mindən çox dövlət qulluqçusunu işdən azad edib, 50 mindən çox insanı həbs edib. Türkiyə hökuməti çevriliş cəhdinin ABŞ-da yaşayan din xadimi Fətullah Gülən tərəfindən təşkil edildiyini iddia edir. Gülən çevriliş cəhdində əli olduğunu inkar edir.

68 yaşlı Kılıçdaroğlu 25 gün sürən yürüşünə təxminən min nəfərlə başlamışdı. Lakin sonradan onun İstanbula yaxınlaşması ilə yol boyu minlərlə insan ona qoşularaq izdihamlı kütlə yaratmışdı.

CHP lideri İstanbulda onu salamlayan kütlə qarşısında çıxışında demokratiya, insan hüquqları və mətbuat azadlığından danışıb. “Kaş ki bu yürüşə ehtiyac olmayaydı, demokratiya və mətbuat azadlığı olaydı, vətəndaş hüquqları qrupları öz fikirlərini açıq söyləyə bilərdi”, Kılıçdaroğlu toplaşanlara deyib.

Ərdoğan Kılıçdaroğlu yürüşə başladığı vaxt onu tənqid edərək, ədalərin küçələrdə deyil, parlamentdə axtarılmalı olduğunu bildirib.

Türkiyə müxalifəti və insan haqları qrupları Ərdoğan hökumətinin avtoritarizmə doğru getdiyini bildirir. Onların sözlərinə görə, bu proses dövlət çevrilişinə cəhddən və aprel ayında Ərdoğanın səlahiyyətlərinin artırılması ilə nəticələnmiş referendumdan sonra daha da güclənib.

Lakin hökumət təqiblər və konstitusiyaya dəyişikliklərin risklər və təhlükəsizliyə hədələr qarşısında vacib olduğunu bildirir.

XS
SM
MD
LG