Accessibility links

İtaliya alimləri məhkəmənin zəlzələ ilə bağlı qərarına etiraz olaraq vəzifələrindən istefa verib


Buna səbəb yeddi alim və ekspertin zəlzələnin baş verməsini qabaqcadan xəbər verə bilməməsi olub

İtaliya hökumətinin fövqəladə hallar agentliyinin yüksək səviyyəli rəsmiləri ölkənin mərkəzində yerləşən Laquila şəhərində 2009-cu ildə insan ölümülə nəticələnmiş zəlzələnin baş verəcəyi haqqında qabaqcadan xəbər vermədikləri üçün yeddi alim və ekspertin həbs cəzasina məhkum olunmasına etiraz olaraq vəzifələrindən istefa veriblər.

Başlıca Risklər Komitəsinin sədri Luçiano Maimi çərşənbə axşamı istefa verən şəxslər arasındadır. O, məhkəmənin qərarının dinc və səmərəli şəraitdə işləməyi çətinləşdirdiyini bildirib.

İtaliya məhkəməsi bazar ertəsi seysmoloqları və digər ekspertləri zəlzələ təhlükəsini düzgün qiymətləndirmədiyi və zəlzələ barədə vətəndaşları xəbərdar etmədikləri üçün məhkum edib. Rixter şkalası üzrə 6,3 bal gücündə olan zəlzələ 300 insanın həyatına son qoyub, on minlərlə insan evsiz qalıb və şəhərin tarixi yerlərinin və orta əsrə aid kilsələrin dağılmasına səbəb olub.

Beynəlxalq elmi ictimaiyyət məhkəmənin qərarını pisləyərək, zəlzələni qabaqcadan müəyyən etməyin mümkün olmadığını bildirib. Hətta güclü zəlzələdən öncə yer səthində seysmik dalğaları müəyyən edən ilkin xəbərdarlıq sistemləri də sakinlərə yalnız 10 saniyə ilə 60 saniyə arasında bir müddətdə öncədən xəbər verə bilir və bu da yalnız sensorların quraşdırıldığı ərazilərdə mümkündür.
XS
SM
MD
LG