Accessibility links

Kaliforniyada yanğın mövsümü davam edir


Şimali Kaliforniyada meşə yanğınları 500 evi dağıdıb. Rəsmilər deyir ki, şiddətli alovlar daha 5 min evi dağıda bilər.

Karr adlı yanğını söndürməyə çalışan iki yanğınsöndürən dünyasını dəyişib.

Ştatın meşəçilik və yanğından qoruma idarəsinin verdiyi məlumata görə, yanğın 17 min hektar əraziyə yayılıb.

Ferquson yanğını səbəbilə Yosemit Milli Parkı 25 iyuldan bəri bağlanıb. Parkın avqustun 3-də yenidən ictimaiyyətə açılacağı gözlənilir.

Park rəsmiləri deyir ki, ən azı 1000 otel və düşərgə bronu ləğv edilib.

Şimali Kaliforniyada baş verən yanğının yayılmasına səbəb olan külək o dərəcədə şiddətlidir ki, bəzi ərazilərdə ağaclar köklərindən çıxıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Qorunma Departamentinin sözçüsü Çad Karoll deyib ki, havaya uçan ağacların çoxu evlərin üzərinə yıxılıb.

Cənubi Kaliforniya

Kaliforniyanın cənubunda qəsdən başladıldığı güman edilən Kranston Yanğını nəticəsində Aydilvud şəhərinin təxminən 12 min sakini evakuasiya edilib. Rəsmilər yanğınla əlaqəli olaraq bir nəfər şübhəli şəxsi həbs edib.

Qubernator Cerri Braun ştatın hər iki ucunda fövqəladə vəziyyət elan edib. Onun federal fövqəladə yardım tələbində bu yardımın “qaçılmaz fəlakətinin” qarşısı almaq üçün lazım olduğu qeyd edilib.

Milli Agentliklərarası Yanğın Mərkəzi (NIFC) bildirib ki, 2018-ci ildə Kaliforniyanın yanöın sezonunun başlanğıcı son 10 ildə baş verən ən pis yanğındır. Cümə günü səhər saatlarına qədər 117.248 hektar ərazi yanıb.

Karr yanğını
Karr yanğını

NIFC-in verdiyi məlumata görə, hazırda ölkə boyu 89 yanğın var. Onların beşi Kaliforniyada baş verir.

Kaliforniya Universitetinin yanğın üzrə tədqiqatçısı Alli Veil Amerikanın Səsinə bildirib ki, Kaliforniya iqlimi səbəbilə yanğınlara meyllidir.

“Yanğına səbəb olacaq şərait daha erkən başlayır və daha uzun müddət davam edir” – Veil deyib. “Adətən böyük yanğınlar yayın sonuna doğru baş verir”, o əlavə edib.

XS
SM
MD
LG