İctimai səhiyyə agentliyinin bazar ertəsi açıqladığı rəsmi məlumata görə, Kanadada koronavirus səbəbindən ölənlərin sayı bir gündə 734 olaraq təqribən 9 faiz artıb.
Yerli vaxtla səhər saat 11-ə qədər koronavirus diaqnozu qoyulanların ümumi sayı 24 804-ə çatıb. Bazar günü eyni vaxtda bu rəqəmlər 674 ölüm halı və diaqnoz qoyulmuş 23 719 hal kimi göstərilmişdi.
Səhiyyə rəsmiləri Kanadada pandemiya sona çatana qədər ölənlərin sayının 22 minə çata biləcəyini bildirib.
Rəsmilər çox ehtimal edilən iki ssenarini açıqlayıb - ölənlərin sayının 11 minlə 22 min arasında, yoluxanların ümumi sayının isə 934 minlə 1 milyon 900 min arasında olacağını təxmin edir.
Kanadanın yerli hökumətləri koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün zəruri olmayan müəssisələrin bağlanmasına göstəriş verib ki, bu da milyonlarla insanın işsiz qalması deməkdir.
Ölkədə mart ayında bir milyon insan işini itirdikdən sonra işsizlik səviyyəsi 7,8 faiz olub və bu rəqəm getdkcə artıb.