Accessibility links

Kapitoli yaxınlıqda baş vermiş yanğın səbəbindən qısa müddətə bağlanıb


ABŞ Gizli Xidməti yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasimindən bir neçə gün əvvəl təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bir vaxt bazar ertəsi Kapitoli kompleksinin yaxınlığında kiçik yanğın baş verdikdən sonra kompleksin müvəqqəti olaraq bağlanıldığını bildirib.

"İctimaiyyət üçün heç bir təhlükə yoxdur" - deyə, agentliyin Twitter səhifəsində bildirilib.

Kapitoli polisinin açıqlamasında deyilib ki, kompleks yaxınlığında təhlükəsizliklə bağlı təhdiddən sonra polis rəisinin vəzifəsini icra edən şəxs kompleksin tam bağlanması haqda göstəriş verib.

"Hal-hazırda Kapitoli kampusu ətrafında və ya daxilində heç bir yanğın yoxdur. Hadisə ilə bağlı istintaq davam etdiyi müddətdə işçilərə yerlərində qalmaq tövsiyə edilib" - deyə, polisin açıqlamasında bildirilib.

Kapitoli yanvarın 6-da Tramp tərəfdarlarının binaya ölümlə nəticələnən hücumundan və bəzilərinin Demokrat Baydenin noyabr seçkilərində qələbəsinin sertifikatlaşdırılmasına rəhbərlik edən Respublikaçı vitse-prezident Mayk Pensin ölümünə çağırmasından sonra bağlanıb.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Baydenin andiçmə mərasiminin məşqində iştirak edənlərin hamısı binadan evakuasiya edilib və iştirakçılar Kapitolinin rotondası və digər qapalı yerlərdə saxlanıb. Baydenin inaqurasiya mərasimi çərşənbə günü keçiriləcək.

Şəhərin yanğınsöndürmə idarəsi Twitter səhifəsində Kapitoli kompleksi yaxınlığındakı yanğının söndürüldüyünü yazıb.

XS
SM
MD
LG