Accessibility links

Keçmiş vitse-prezident Co Bayden Cənubi Karolinada ilkin seçkidə qəti qələbə əldə edib


ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden şənbə günü Cənubi Karolina ştatında Demokrat partiyasının ilkin seçkisində qəti qələbə əldə edib. İlkin məlumatlara görə, Bayden əlli faiz səs toplayıb, ondan sonra səslərin iyirmi faizi ilə senator Bernie Sanders gəlir.

Co Baydenin ilkin seçkidə bu ilk qələbəsi onun Demokrat partiyasından ABŞ prezidentliyinə nominasiya uğrunda mübarizədəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir.

Bundan öncə üç ştatda keçirilən praymerilərdə Vermont ştatından sentor Berni Sanders üstünlük əldə etmişdi. İctimai rəy sorğularına görə hazırda Sandersə seçicilərin təxminən otuz faizi, Baydeni isə iyirmi faizi dəstəkləyir. Demokrat partiyasının ifrat sol qanadını təmsil edən Sandersin qələbə perspektivi Demokrat partiyasının isteblişmenti tərəfindən narahatlıqla qarşılanır, belə ki, Sandersin ideyalarının əksər amerikalılar tərəfindən dəstəklənmədiyi düşünülür.

Baydenin Cənubi Karolinada qələbəsində afro-amerikalıların dəstəyi mühüm rol oynayıb. Şənbə günü etdiyi çıxışında Co Bayden inqilabi dəyişikliklərdən danışan rəqibi Berni Sandersə açıq şəkildə işarə edərək, "inqilabı deyil, nəticə əldə etmək istəyən" Demokratların namizədi olduğunu bildirib.

Hazırda Demokrat namizədlər ABŞ-ın 14 ştatında çərşənbə axşamı keçiriləcək praymerilərə hazırlaşır. Nyu York şəhərinin keçmiş meri Maykl Blumberq ilk dəfə olaraq Super Tuesday (super çərşənbə axşamı) kimi tanınan ilkin seçkilərdə iştirak edəcək. Maykl Blumberq də mərkəzçi mövqeyə malikdir. Bəzi ştatlarda onun reytinqləri Baydenin reytinqlərindən yüksəkdir. Ölkə üzrə keçirilmiş rəy sorğularında isə Blumberq Baydendən sonra üçüncü yeri tutur.

Şərhlərə bax

XS
SM
MD
LG