Accessibility links

Nayrobinin ticarət mərkəzində girov götürülən insanların əksəriyyəti azad edilib [Fotoqalereya]


Keniyanın Daxili İşlər Nazirinin bildirdiyinə görə, Nayrobinin ticarət mərkəzində girov götürülən insanların əksəriyyəti azad edilib.Cozef Ole Lenku Keniya qüvvələrinin Uestqeyt mərkəzinin tam nəzarətini ələ keçirdiyini deyib.

Nazir iki hücumçunun hərbi əməliyyatlar zamanı öldürüldüyünü bildirib. Nazirin çıxışından bir qədər əvvəl ticarət mərkəzindən partlayış səsləri eşidilib. Mərkəz üzərində sıx tüstü hələ də görünməkdədir.

Şənbə günü islamçı yaraqlıların hücumuna cavab olaraq hərbi qüvvələr əməliyyata keçib. Hadisə zamanı 62 adam öldürülüb. Keniyanın Qırmızı Xaç Cəmiyyəti ölənlərin sayının 69 olduğunu bildirir.

175 adam yaralanıb, 65 nəfər hələ də itkindir. Nə qədər girovun azad edildiyi, nə qədər insanın girovda qaldığı bəlli deyil.

Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Nayrobidəki hücumun məsuliyyətini üzərinə götürüb.

Bu arada, Beynəlxalq Cinayət Məhkəməsi Keniyanın vitse-prezidenti Uilyam Rutonun vətəninə qayıtmasına icazə verib.

Bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə mühakimə edilən vitse-prezident ticarət mərkəzinə hücumla bağlı təhlükəsizlik birifinqləri və məsləhətləşmələrdə iştirak etməlidir.
XS
SM
MD
LG