Accessibility links

ABŞ-ın Yaponiyada yeni səfiri Karolayn Kennedi imperator Akihito ilə görüşüb



Minlərlə insan ABŞ-ın Yaponiyadakı yeni səfiri-mərhum prezident Con Kennedinin qızı Karolayn Kennedini qarşılamaq üçün küçələrə çıxıb. Amerikanın səfiri Yaponiyanın imperatoru ilə görüşüb.

Etimadnamlərini təqdim etmək üçün imperator Akihitonun sarayına yollanan Karolayn Kennedi küçə boyu toplaşan insanları əyləşdiyi yüz illik tarixi olan karetadan salamlayıb, onlara təbəssüm bəxş edib.

Xarici ölkə səfirlərinin etimadnamələrini imperatora təqdim etməsi adi bir prosedur olsa da, Kennedinin saraya yollanması Yaponiyada fövqəladə diqqətə səbəb olub və ölkənin bir neçə televiziya şirkəti tərəfindən canlı yayımlanıb.

55 yaşlı Kerolayn Kennedi 50 il bundan əvvəl sui-qəsd nəticəsində həyatını itirmiş ABŞ prezidenti Con Kennedinin sağ qalmış yeganə övladıdır. O, ABŞ-ın Yaponiyada ilk qadın səfiridir.

Mərasimdən sonra Kerolayn Kennedi tvitter hesabında göndərdiyi mesajda etimadnamələrini imperatora təqdim etməkdən böyük şərəf duyduğunu yazıb.

Kerolayn Kennedinin Yaponiyaya Ağ Evin Asiya ilə strateji və hərbi əməkdaşlığın gücləndirməsinə çalışdığı vaxt səfir təyin edilib.

Yaponiya dünyanın iqtisadi cəhətdən üçüncü ən inkişaf etmiş ölkəsi və ABŞ-ın regionda əsas müttəfiqlərindən biridir. Vaşinqtonun dördüncü ən böyük ticarət tərəfdaşı olan Yaponiyanın hərbi bazalarında eyni zamanda ABŞ-ın 50 min nəfərdən ibarət əsgəri qüvvəsi yerləşdirilib.
XS
SM
MD
LG