Accessibility links

“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitab nəşr edilib


“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı yeni nəşr olunmuş kitab qadın hüquqları sahəsində çalışan hüquqşünaslar, gender məsələləri üzrə ekspertlər, elmi tədqiqatçılar və media nümayəndələri üçün hərtərəfli mənbədir, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində dərs vəsaiti kimi istifadə olunacaq. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) məlumat yayıb.

Kitabın nəşri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti və Konstitusiya Araşdırmalar Fondu ilə tərəfdaşlıqda hazırlanıb.

Kitab təqdimatı
Kitab təqdimatı

Kitab qadın hüquqları sahəsində dövlət siyasəti və milli qanunvericilik, beynəlxalq və milli standartların müqayisəsi, qadın hüquqlarının müdafiəsi mexanizmlərindən bəhs edir. Kitab həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi üzrə qanunların praktiki tətbiqi hallarını nümunə gətirir.

Nəşrin bu gün keçirilən təqdimat mərasimində USAID-in Azərbaycandakı missiya direktoru Mikaela Meredis qadınları onların hüquqları barədə məlumatlandırmağın əhəmiyyətindən danışıb.

“Öz hüquqlarını bilmək qadınlara və qızlara cəmiyyətin tam hüquqlu üzvləri olmaq, habelə vacib siyasi qərarların qəbul edilməsində iştirak etmək və öz icmalarını yaxşılaşdırmaq üçün öz bacarıqlarını istifadə etmək imkanı verən mühüm amillərdəndir”, o qeyd edib.

USAID bu kitabı Counterpart İnternational təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı vasitəsilə maliyyələşdirib. Qadınların imkanlarının artırılması və gender bərabərliyinin təşviqi USAID və ABŞ hökumətinin qlobal prioritetlərindəndir.

USAID 80-dən çox ölkədə gender proqramlarını həyata keçirir. Azərbaycanda USAID qadınların iqtisadiyyatda və siyasi qərarların qəbul edilməsində iştirakını artırmaqla, habelə gender əsaslı zorakılıq və insan alveri ilə mübarizə aparmaqla qadınların imkanlarının artırılmasını təşviq edir.

XS
SM
MD
LG