Accessibility links

Koçaryan barəsində həbs qətimkan tədbiri bərpa olunur


Robert Koçaryan

Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirini bərpa edib. Koçaryan dövlətin konstitusion quruluşunu dəyişməyə çalışmaqda ittiham olunur.

Vəkili Haik Alumyan Yerevanda jurnalistlərə deyib ki, məhkəmə bu qərarı dekabrın 7-də, növbədənkənar parlament seçkilərinə iki gün qalmış çıxarıb.

Alumyan qərardan şikayət veriləcəyini deyib.

Koçaryan iyulda saxlanmışdı. O, 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Koçaryan ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

64 yaşlı keçmiş prezident avqustun 13-də apelyasiya məhkəməsinin qərarıyla həbsdən buraxılıb. Məhkəmə ölkə konstitusiyasının ona toxunulmazlıq verməsinə istinad edib.

Həbsdən buraxılandan bir neçə gün sonra Koçaryan siyasətə qayıtdığını bəyan edib.

O vaxtdan o, Baş nazir Nikol Paşinyan hökumətini ölkənin milli təhlükəsizliyini hədələməkdə, Rusiyayla münasibətlərə zərbə vurmaqda, iqtisadi proqramları olmamaqda suçlayıb.

Amma Koçaryan dekabrın 9-na planlaşdırılan növbədənkənar parlament seçkisində iştirak etməmək qərarı verib.

Paşinyan isə Koçaryana qarşı ittihamları müdafiə edib, avqustun 17-də deyib ki, “bütün qatillər həbsxanaya gedəcək”.

- AzadlıqRadiosu

XS
SM
MD
LG