Şimali Koreya Cənubi Koreya və ABŞ-ın genişmiqyaslı təlimlərini Koreya yarımadasını müharibəyə sürükləmək faktı kimi qiymətləndirib.
Şimali Koreya DİN-nin bəyanatında deyilir ki, yegənə məsələ müharibənin nə zaman başlamasındadır.
Gərginliklərin artdığı bir vaxt BMT-nin baş katibinin siyasi məsələr üzrə müavini Ceffri Feltman Pxenyana səfər edib. O, Şimali Koreyanın xarici işlər naziri Li En Ho və vitse-nazir Pak Men Qukla müzakirələr keçirəcək.
Təlimlər isə davam edir.
Şimali Koreyanın Birləşmiş Ştatlara çata biləcək qitələrarası balistik raket sınağından bir həftə sonra birgə hərbi təlimlərin bir hissəsi olaraq Cənubi Koreya üzərində ABŞ-ın B1-B bombardmançı təyyarəsi uçub.
Bombardmançı təyyarəni F-22 və F-35 gizli döyüş təyyarələri müşayiət edib. Cənubi Koreyanın birgə qərargahlar rəisi bu təlimləri hərbi ərazidə süni zərbələr adlandırıb.
Cənubi Koreya ordusunun bəyanatında bildirilib ki, iki müttəfiq təlim vasitəsilə Şimali Koreyanın nüvə və raket hədələrinə qarşı cavab tədbirləri görmək üçün iradə və imkanlara sahib olduğunu” göstərir.
Birləşmiş Ştatlar və Cənubi Koreya “Vigilant Ace” (Sayıq Üstünlük) adlı beş günlük təlimlərə bazar ertəsi, Şimali Koreya ilə gərginliyin artdığı vaxt başlayıb.
Hər il keçirilən təlimlərdə misli görünməmiş sayda Amerikanın ən son gizli döyüş təyyarələrindən istifadə olunub.
Cənubi Koreya qoşunlarına Dəniz Donanması və Dəniz piyadaları korpusunun əsgərləri də daxil olmaqla, ABŞ ordusunun 12 min üzvü qoşulub.
ABŞ-ın Yeddinci Donanması təlimin hər hansı insident və ya təhrikə cavab olaraq keçirilmədiyini bildirib.
Lakin daha öncə Şimali Koreya dövlət mediası bu təlimin Koreya yarımadasını “nüvə müharibəsinin astanasına doğru apardığını” bildirib.
Şimali Koreya mütəmadi olaraq ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini pisləyir və bu təlimlətin Şimali Koreyanın işğalına hazırlıq olduğunu iddia edir.