Accessibility links

Yaxın günlərdə Azərbaycanda “Antikorrupsiya idarəetmə sistemi” standartı (İSO 37001) qəbul ediləcək. Bu gün Bakıda bu standarta həsr edilmiş konfrans keçirilib və beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan tədbirdə iştirak edib.

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır”, Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

O, 12 il əvvəl qəbul edilən “Korrupsiya ilə mübarizə haqqında” qanuna uyğun olaraq dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi məsələsinə toxunmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib ki, standartın əsas məqsədi korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daima tənzimlənməsi, vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsidir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur qaydalar sistemi qurulur. “İSO 37001” standartı artıq Oksford Universitetində, London Şəhər Polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq edilib”, SMPDK rəhbəri qeyd edib.

Konfransda Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev və başqa şəxslər çıxış edib.

XS
SM
MD
LG