Accessibility links

Rusiyanın Kramatorskda gecə yaşayış binasını vurması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb


Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu haqda şəhər meri Aleksandr Qonçarenko bildirib.

"Xilasedicilər dağıntılar altından ölmüş qadının cəsədini çıxarıblar" – deyə, o Facebook hesabında yazıb.

Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko daha əvvəl bildirib ki, xilasedicilər Kramatorskda dağılmış yaşayış binasının dağıntılarının 85%-ni artıq toplayıblar. Eyni zamanda o, zərbə nəticəsində itkin düşdüyü güman edilən qadının da orada olduğunu müəyyənləşdirdiklərini də bildirib.

"Evdə bir giriş tamamilə dağılıb, digər iki girişi yerindədir – belə demək mümkündürsə... Pəncərələr sınıb, dam örtüyü, giriş yolları zədələnib. Bu evin yaxınlığında 8 evə də ziyan dəyib: pəncərə və qapılar dağılıb, damlar uçub", - deyə o əlavə edib.

Donetsk vilayəti polisinin məlumatına görə, fevralın 2-nə keçən gecə Rusiya hərbçiləri “İsgəndər-K” raketi ilə yaşayış binasını vurublar. 3 nəfərin öldüyü, 18 nəfərin yaralandığı, 8 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Həmin gün günortadan sonra rus hərbçiləri yenidən Kramatorsk üzərinə hücuma keçiblər. Ukrayna hakimiyyəti beş nəfərin yaralandığını bildirib. Kirilenkonun sözlərinə görə, iki raket "13 ikimərtəbəli binaya, üç dördmərtəbəli binaya, bir uşaq poliklinikasına və məktəbə, qarajlara və avtomobillərə ziyan vurub".

Ukrayna prezidenti Volodimir Zelenski Kramatorskda evə vurulan zərbə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O yazıb ki, "biz mütləq bütün məsuliyyət daşıyanları tapıb cəzalandıracağıq. Bu, tarixin təkrarı deyil, bu, ölkəmizin həyatının gündəlik reallığıdır. Ərazi baxımından şərlə həmsərhəd olan ölkəyik. Və belə faciələrin təkrarlanma ehtimalını sıfıra endirmək üçün bunun öhdəsindən gəlməliyik" – deyə, Zelenskinin yazısında deyilir.

Kramatorska zərbəni Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak da şərh edib. "Kramatorsk. Rusiyadan gələn cinayətkarların və terrorçuların növbəti terror aktı" – deyə, o yazıb.

XS
SM
MD
LG