Accessibility links

Qırğızıstanda etirazçılar sərhəd müqaviləsini tənqid edənlərin azad edilməsini tələb edir


Qırğızıstanda etiraz aksiyası
Qırğızıstanda etiraz aksiyası

Qırğızıstan paytaxtı Bişkekdə etirazçılar hökumətin qonşu Özbəkistanla sərhədin demarkasiyası razılaşmasına görə iğtişaşlar planlaşdırmaqda ittiham olunan siyasətçilər və fəalların azadlığa buraxılması tələbi ilə aksiya keçirib.

"Kılım çamı" hüquq müdafiə təşkilatı oktyabrın 23-də Qırğızıstan və Özbəkistanın iki ölkə arasında ərazi mübahisələrini həll etmək üçün imzalanması gözlənilən razılaşmaya qarşı çıxdıqları üçün 21 nəfərin saxlanıldığını bildirib.

Razılaşmaya əsasən Qırğızıstan Kempir-Abad su anbarının yerləşdiyi 4485 hektar ərazini 19 min hektardan çox ərazinin əvəzində Özbəkistana verəcək.

Oktyabrın 24-də etirazçılar Bişkekdə üzərində "Kempir-Abad Qırğızıstana məxsusdur" və "həbsdə olan bütün siyasətçiləri və bloqqerləri azad edin" yazılmış plakatlar qaldırıb.

Daxili İşlər Nazirliyi oktyabrın 23-də kütləvi iğtişaşların təşkilinə dair iddia edilən hazırlıqlarla bağlı istintaq aparıldığını bildirib. Polis həbs edilənlərin dəqiq sayını açıqlamayıb.

"Kılım çamı" hüquq müdafiə təşkilatının bildirdiyinə görə, bir neçə şəhərdə saxlanılan şəxslər arasında hərbi general, konstitusiya məhkəməsinin keçmiş üzvü, keçmiş dövlət prokuroru, jurnalistlər və fəallar var. Onların evlərində polis tərəfindən axtarış aparıldığı bildirilib.

1983-cü ildə tikilmiş su anbarı münbit Fərqanə vadisində yerləşir və regionun mühüm su mənbəyidir. Qırğızıstandan 5 dəfə çox, 35 milyon əhalisi olan Özbəkistan suyun çox hissəsindən istifadə edir.

Mərkəzi Asiyanın iki ölkəsi arasındakı sərhədin uzunluğu 1300 kilometrdən çoxdur.

Qırğızıstanın bir çox vətəndaş cəmiyyəti fəalı, müxalifət siyasətçiləri və bəndin yaxınlığında yaşayan sakinlər razılaşmanın əleyhinədir. Onlar deyirlər ki, Özbəkistan bəndin suyundan istifadə etməyə davam edə bilər, lakin su anbarının ərazisi Qırğızıstan sərhədləri daxilində qalmalıdır.

Qırğızıstan Prezidenti Sadır Japarov və onun müttəfiqləri bu razılaşmanın Qırğızıstan üçün faydalı olduğunu və qırğız fermerlərin suya çıxışı olacağını iddia edir.

XS
SM
MD
LG