Ardıcıl böhranlar və hökumətin tənəzzülü Livanın könüllülər sektorunu müharibədən əziyyət çəkən yüz minlərlə insanın tələblərini qarşılamaq üçün tez zamanda yardım göstərmək məcburiyyəti qarşısında qoyub. İndi çoxları bu yorğun könüllülərin yardımlarını nə qədər davam etdirə biləcəyini sual edir. Beyrutdan Ceykob Rasselin Amerikanın Səsi üçün məlumatı bu haqdadır.
Sentyabrın ortalarından bəri İsrail Hizbullaha qarşı müharibəni genişləndirərək, bombardman və qurudan quruda müdaxilə kampaniyası keçirir. BMT rəsmilərinin dediyinə görə, bu döyüşlər təxminən 800 min insanı didərgin salıb.
Çoxlarının nə gedəcək yeri, nə də sosial müdafiəsi var. Dövlət xidmətləri illərlə davam edən maliyyə böhranı və qeyri-effektiv idarəetmə nəticəsində fəaliyyətini dayandırıb.
Livanın tükənmiş könüllülər sektorunun üzvləri hökumətin təmin edə bilmədiyi yardımı göstərmək üçün yenidən səfərbər olur.
Onların arasında DAFA da var. Aztəminatlı ailələrə yardım etmək üçün illik xeyriyyə tədbiri kimi başlayan təşəbbüs illər keçdikcə köçkün ailələrə geyim və yemək paylamaq səylərinə çevrilib. DAFA-nın könüllülər meneceri Maquy Nenedjian: "Son bir ay gərgin keçdi. Sentyabrın 26-dan indiyə kimi biz yatmamışıq. Gecəmiz gündüzümüzə qarışıb".
Son dövrlərdə Livanı bürüyən hər ardıcıl böhranla dövlət getdikcə daha az yardım təklif edir. Bu gün çox az adamın gözləntiləri var.
İsrailin bombardmanlarına görə Beyrutdakı evindən didərgin düşən Mona Əl-Xəlil indi könüllü olaraq işləmək üçünşəhərə qayıdır. DAFA könüllüsü Mona Əl-Xəlil: "Bizim nəsil başa düşdü ki, biz bir şey etməsək, heç kim, xüsusən də hökumətimiz heç nə etməyəcək".
2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra fəallar mənimsəmə və qohumbazlığa görə yardımın lazım olan yerə çatmasına mane olacağından qorxuraq, beynəlxalq donorlardan yardım çatdırarkən Livan hökumətindən yan keçmələrini xahiş etdilər. Dörd il sonra bir çox fəal hökumətin müdaxiləsini rədd edir. Maquy Nenedjian: "Heç bir siyasi partiyanın bizə yardım etməsini istəmirik. Biz etmək istədiyimizi Livanın azad xalqı ilə edə bilərik".
Bu, yanaşma tükənmiş olsa da, səmərəli bir könüllülər sektoru yaradıb.
Veteran fəal Ziyad Əbiçakir köçkünlərə pulsuz döşək və ədyal paylamaq təşəbbüsü irəli sürüb. "İndi növbəti böhran baş verəndə "biz belə təşkilatlanırıq" demək üçün kifayət qədər təcrübəmiz var. Biz üç-dörd nəfərdən ibarət komanda ilə bu təşəbbüsü həyata keçirə bildik. Ancaq 2006-cı ildə belə bir iş görmək üçün bizə 12-15 nəfər lazım idi".
Keçən həftə Parisdə keçirilən beynəlxalq konfransda Livana yardım üçün bir milyard dollar vəsait toplandı. Fəallar ümid edirlər ki, bu vəsait rahatlıq təmin edəcək doğru yerlərə sərf ediləcək. Fəal Ziyad Əbiçakir: "Bir-iki dəfə dözümlü ola bilərsiniz. Lakin bunu böhrandan böhrana gedən həyat tərzinə çevirə bilməzsiniz. Sonunda bu sizə də təsir edir."
İsrailin hücumlarının sonu görünmədiyi halda ehtiyaclar sonsuz görünür və onları qarşılamağa çalışanların vəsaitləri ən yaxşı halda məhduddur.
Forum