Dekabrın 8-i Beatles qrupunun əfsanəvi solisti Con Lennonun vəfatının 30-cu ildönümü tamam olur. 1940-cı ildə Liverpulda anadan olan Con Lennon özünün ilk Quarrymen qrupunu 1957-ci ildə yaratmışdı. Bundan bir il sonra Pol Makkartni və Corc Hərrison ona qoşulur və bu qrupun əsasında Beatles qrupu yaradılır. 1970-ci ildə dağılan Beatles qrupunun dünya üzrə bir milyarddan artıq diski satılmışdır. Qrupun dağlımasından sonra Con Lennon solo karyerasını davam etdirmişdir. Lennonun ən populyar solo albomu hesab edilən “Imagine” 1971-ci ildə işıq üzü görüb. Con Lennon iki dəfə evlənmişdir və onun hər evlilikdən bir övladı var. 1980-ci il dekabrın 8-də Lennon həyat yoldaşı Yoko Ono və oğlu Şonla yaşadığı evin qarşısında pərəstişkarı Mark Deyvid Çepmen tərəfindən güllə ilə vurulub öldürülmüşdür. Çepmen Nyu York ştatında Roçester həbsxanasında cəza müddətini çəkir.