Accessibility links

ABŞ Senatı Loretta Linçin namizədliyini təsdiq edib


Linç ölkənin bu vəzifəyə təyin olunan ilk afro-amerikalı qadındır

Prezident Barak Obamanın Loretta Linçi baş prokuror vəzifəsinə namizəd göstərməsindən beş ay sonra ABŞ Senatı onun namizədliyini təsdiq edib.

Linç ölkənin ən yüksək hüquq-mühafizə vəzifəsinə təyin olunan ilk afro-amerikalı qadındır. O, bu vəzifəsni tutan ilk afro-amerikalı kişi, Erik Holderi əvəz edəcək.

Texaslı Respublikaçı senator Ted Kruz Linçin təsdiq edilməsinin əleyhinə səs verib və Linçin “Holderin başçılıq etdiyi Ədliyyə Departamentinin qanunsuzluqlarını davam etdirmək yolunu seçdiyini” bildirib.

Linç açıq fikirli prokuror kimi tanınır, amma bir çox Respublikaçı prezident Barak Obamanın immiqrasiya ilə bağlı sərəncamını dəstəklədiyi üçün Linçə qarşı çıxırlar.

Senatda səsvermə 56-43 nisbətində Linçin lehinə başa çatıb. Senat prezidentin bütün təyinatlarını təsdiq etməlidir.

Linçin təsdiqi artıq bir neçə aydır Respublikaçılar və Demokratlar arasında Linçin namizədliyinə aid olmayan fikir ayrılıqlarına görə təxirə salınırdı.

XS
SM
MD
LG